Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarusda səfərdədir.
Yenicag.az xəbər verir ki, nümayəndə heyəti bu gün Belarus Respublikasının Hərbi Akademiyasında olub. Müdafiə nazirinə akademiyanın strukturu, fəaliyyəti və əsas tapşırıqları barədə brifinq təqdim edilib. Hərbi təhsil müəssisəsinin əməliyyat-taktiki və strateji səviyyəli müxtəlif fakültələri ilə tanış olan nümayəndə heyətinə silah, hərbi texnika və digər döyüş vasitələri nümayiş etdirilərək onların təyinatı və tətbiq edilməsi imkanları barədə ətraflı məlumat verilib.
Daha sonra Z.Həsənov Minsk şəhərində Belarus Respublikasının Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasla görüşüb.
Tərəflər ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, xüsusilə hərbi, hərbi-texniki sahədə əməkdaşlığı müzakirə edib, sıx qarşılıqlı əlaqələrin genişləndirilməsinin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Ardından nümayəndə heyətimiz Belarus hərbi-sənaye kompleksinin elmi-istehsalat müəssisəsində olub. Müdafiə naziri general-polkovnik Z.Həsənova müəssisədə hazırlanan və istehsal edilən hava hücumundan müdafiə vasitələri, eləcə də qoşunların idarə olunmasında ixtisaslaşan müxtəlif təyinatlı digər vasitələr təqdim edilib.
www.yenicag.az