Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Zakir Qaralov 21 prokurorluq əməkdaşını cəzalandırıb

16008İyulun 31-də Baş Prokurorluqda 2015-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Yenicag.az avropa.info-ya istinadən  xəbər verir ki, müşavirədə məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, 2015-ci ilin birinci yarısında prokurorluq orqanları tərəfindən digər hüquq mühafizə qurumları, ilk növbədə Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub.
2015-ci ilin birinci yarımilində qeydə alınmış 97 qəsdən adam öldürmə cinayətlərindən 96 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş, əksəriyyəti xüsusilə ağır cinayət olan, iki və daha çox şəxsin ölümü ilə nəticələnən 41 hadisənin isti izlərlə açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 98,9% (2014-cü ilin müvafiq dövründə 88,4%) təşkil edib.

2015-ci ilin birinci yarısında da Azərbaycan Respublikasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri uğurla davam etdirilib.

Rüşvətlə bağlı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, vəzifə saxtakarlığı və sair faktlar üzrə 158 şəxs barəsində 99 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 95 milyon manat ziyandan istintaq müddətində 30 milyon manatın ödətdirilməsi təmin olunub, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödətdirilməsi məqsədi ilə qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Diqqətə çatdırılıb Prezidentin 22 iyun 2009-cu il tarixli “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” Fərmanının icrası ilə əlaqədar prokurorluq orqanlarının vəzifələrini müəyyənləşdirən Baş Prokurorluq üzrə müvafiq əmrin icrası istiqamətində bir sıra tədbirlər həyata keçirilib, daxil olmuş bütün müraciətlər üzrə mütəxəssislər cəlb edilməklə yoxlamaların keçirilməsi və 5 cinayət işinin başlanılması təmin olunub. Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya hüquqpozmalarına qarşı mübarizənin gücləndirilməsi, keçirilən yoxlamaların ciddi nəzarətə götürülməklə şəffaflığın təmin edilməsi barədə əlaqədar qurumlara və tabe prokurorlara tapşırıqlar verilib.

Əməliyyat müşavirəsində hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyri-aşkar şəraitdə törədilmiş bir sıra xüsusilə ağır cinayət hadisələrinin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq keyfiyyətli istintaq edilməsi və cinayət törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri, eyni zamanda respublikada ictimai rezonansa səbəb olmuş bir sıra cinayət hadisələri üzrə, o cümlədən Azərbaycan Respublikasının bir sıra qeyri-hökumət təşkilatlarının, həmçinin xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işlərinin istintaqının yüksək peşəkarlıqla davam etdirilməsi xüsusi vurğulanıb.

Əldə edilmiş müsbət iş göstəriciləri ilə yanaşı, məhkəmələr tərəfindən cinayət işlərinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlara qaytarılması, müstəntiqlər və prokurorlar barəsində xüsusi qərarların çıxarılması hallarının mövcudluğu bu fəaliyyət istiqaməti üzrə ciddi qüsurlar kimi dəyərləndirilməklə, onların aradan qaldırılması, cinayət təqibinin həyata keçirilməsi ilə əlaqədar insan hüquq və azadlıqlarının real təmini üçün zəruri tədbirlərin görülməsi, mövcud nəzarət mexanizminin daha da təkmilləşdirilməsi barədə konkret tapşırıqlar verilib.

Baş prokuror Zakir Qaralov 2002-ci ildən başlayaraq keçirilən müsabiqələr nəticəsində işə qəbul edilməklə prokurorluğun kadr korpusunun 54 faizini təşkil edən gənc mütəxəssislərin müxtəlif vəzifələrdə, o cümlədən rayon prokuroru, Baş Prokurorluğun idarə rəisinin müavini, şöbə rəisi və sair kimi məsul vəzifələrdə səmərəli fəaliyyət göstərməsini ölkəmizdə dövlət gənclər siyasətinin reallaşdırılmasının müsbət nəticəsi və prokurorluqda aparılan islahatların böyük uğuru kimi dəyərləndirib.

Müşavirədə prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində səmərəliliyin artırılması məqsədilə zəruri tədbirlərin görülməsinin intensivləşdirilməsi, “Elektron Sənəd Dövriyyəsi” və “Elektron Cinayət” proqramlarının funksional imkanlarının və tətbiqi dairəsinin genişləndirilməsi istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi, beynəlxalq təcrübə nəzərə alınmaqla bu proqramların təkmilləşdirilməsinin təmin edilməsi barədə müvafiq tapşırıqlar verilib.

Hesabat dövründə yol-nəqliyyat hadisələrinin təhqiqatı və istintaqı zamanı, açılması təmin edilməmiş ölümlə nəticələnən bu kateqoriyadan olan cinayətlərlə bağlı istintaq hərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində qanunların icrasına nəzarətin gücləndirilməsi, aparılan təhqiqat, istintaq və ekspertizalar zamanı korrupsiya və digər sui-istifadə hallarına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsinin təmin olunması, eləcə də yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə zəruri tədbirlərin görülməsinə dair konkret göstərişlər verilib.

Əməliyyat müşavirəsində xüsusi olaraq qeyd edilib ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə prinsipiallığın yüksəldilməsi təmin olunub. Belə ki, 2015-ci ilin birinci yarısında müxtəlif xətalar törətdiklərinə görə 21 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb edilib, onlardan 1 nəfər prokuror və müstəntiq vəzifəsi ilə bir araya sığmayan və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik davranış Kodeksi”nin tələblərini kobud şəkildə pozan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib, 4 nəfər tutduqları vəzifələrdən azad olunub. Tələb edilib ki, bütün struktur qurumlarda, tabe rayon və şəhər prokurorluqlarında, ilk növbədə xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və neqativ təzahürlərə münasibətdə prinsipiallığının artırılması üçün ən qəti tədbirlər görülsün.

Vətəndaş müraciətlərinə baxılması və onların qəbulu işinin düzgün təşkilinin prokurorluq orqanlarının qarşısında duran əsas vəzifələrdən biri olduğu xüsusi vurğulanmaqla, müraciətlər üzrə natamam və qeyri-obyektiv yoxlamalar aparılması, süründürməçilik hallarına yol verilməsi, əsassız qərarlar qəbul edilməsi, vətəndaşlara müraciətləri üzrə formal və səthi cavabların verilməsi, qəbullarının keçirilməsi qaydalarının pozulması kimi çatışmazlıqların hələ də mövcud olduğu nəzərə alınmaqla, bütün struktur qurumların rəhbərləri və tabe prokurorlardan müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin daha da təkmilləşdirilməsi, bu sahədə bütün neqativ halların təxirəsalınmadan aradan qaldırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə edilməsi tələb olunub.

Diqqətə çatdırılmışdır ki, prokurorluq orqanları tərəfindən 2015-ci ilin birinci yarısında görülmüş işlərin vəziyyəti təsdiq edilmiş cədvələ uyğun olaraq bölgələr üzrə keçirilən əməliyyat müşavirələrində müzakirə edilmiş, Baş prokurorun müavinləri, Baş Prokurorluğun Kollegiya üzvlərinin sədrliyi və tabe şəhər və rayon prokurorluqlarının bütün əməkdaşlarının iştirakı ilə Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri, Lənkəran, İsmayıllı, Beyləqan və Salyan rayonlarında keçirilmiş əməliyyat müşavirələrində hesabat dövründə görülmüş işlərin real vəziyyəti, mövcud nöqsanlar və çatışmazlıqların yaranma səbəbləri hərtərəfli və prinsipial təhlil edilib, “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, tabe struktur qurumların fəaliyyəti üzərində Baş Prokurorluğun nəzarətinin daha da təkmilləşdirilməsi, tabe prokurorluqlarda xidməti, icra və əmək intizamının daha da yüksəldilməsi üçün konkret tədbirlər müəyyənləşdirilib.

Əməliyyat müşavirələrində qaldırılan və işin səmərəliliyinə mənfi təsir göstərən problemlərin aradan qaldırılması və həlli vacib məsələlərin tənzimlənməsi istiqamətində qarşıda duran konkret vəzifələr müəyyənləşdirilmiş və Baş Prokurorluğun əlaqədar struktur qurumlarına müvafiq tapşırıqlar verilib.

Müşavirədə 2015-ci ilin birinci yarısında prokurorluq orqanları tərəfindən görülmüş işlər və bu məsələnin bölgə müşavirələrində müzakirəsinin nəticələri barədə Baş prokurorun birinci müavini Rüstəm Usubov məruzə edib.

Müzakirələrdə çıxış edən Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov hesabat dövründə iş planının icra vəziyyəti, cari ilin ikinci yarımilinə dair iş planında nəzərdə tutulmuş tədbirlər və vətəndaşların yerlərdə qəbulu barədə, Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov 2015-ci ilin birinci yarımilində prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr barədə müşavirə iştirakçılarına məlumatlar verib.

www.yenicag.az

145