“Zaman bizim xeyrimizə işləyir”
Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu “Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Qarabağın sərvətlərinə və ekologiyasına vurulan zərərlərin son hesabatı” mövzusunda tədbir keçirib.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən İşçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı bildirib ki, ermənilər tarixən azərbaycanlılara qarşı soyqırımı törədiblər. Onun sözlərinə görə, ermənilərin Azərbaycana vurduğu maddi-mənəvi ziyanı hesablamaq vacibdir: “Araşdırmalar, hesablamalar hələ də davam edir. Ermənistan Azərbaycana vurduğu ziyana görə təzminat ödəməlidir. Zaman bizim xeyrimizə işləyir və əminəm ki, biz tezliklə işğal altındakı torpaqlarımıza qayıdacağıq”.
İşçi qrupunun üzvü, geoloq-mütəxəssis Mirzəli Fətəliyev isə Ermənistanın işğalı nəticəsində Azərbaycana dəymiş ziyan barədə məruzə ilə çıxış edib. O bildirib ki, işğal nəticəsində Azərbaycana vurulmuş ziyanın miqdarı 10 milyardlarla dollarla ölçülür: “Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində 561 yataq, perspektivli minerallaşma sahələri müəyyən edilib. Qondarma Dağlıq Qarabağ Geoloji Fondunda 285 faydalı qazıntı yatağı qeydiyyata alınıb. 12 ildən çoxdur, talan edilən, ümumi ehtiyatı 150 tona yaxın olan 3 böyük qızıl yatağının, həmçinin 2 polimetal, civə, onlarla tikinti materialları, bəzək daşı və mineral su yataqlarının istismarı nəticəsində Azərbaycana vurulmuş zərərin miqdarı onlar milyardlarla dollar həcmindədir”.