!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zelenski “günah keçisi” ELAN EDİLDİ – “Bunu qəbul etmək acı olsa da...”

!Reklam – Yazi

“Yeni prezidentlik dövründə Donald Tramp Rusiya-Ukrayna müharibəsini dayandırmaq istiqamətində söz vermiş və seçkiqabağı kampaniyasında bu məsələyə xüsusi önəm vermişdi. Zaman keçdikcə, görürük ki, bu mövzuda müəyyən təmaslar həyata keçirilir. Əvvəlcə, danışıqları gizli saxlamağa çalışsalar da, mediada kifayət qədər geniş məlumat yayıldıqdan sonra onların məzmununu və mahiyyətini gizlətmək mümkün olmadı”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Siyasi təhlilçi ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə baş tutan telefon görüşündə Vaşinqton və Moskvanın Ukrayna müharibəsi ilə bağlı təmaslarını, habelə rəsmi Kiyevin sözügedən iddiaları qəbul etməməsini şərh edib.

İ. Hüseynov hesab edir ki, bu gün dünya siyasətində müzakirə edilən əsas şəxslərdən biri olan Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl Rusiya ilə danışıqları qeyri-mümkün edən qərarlar qəbul etmişdi

“Lakin indi həmin qərarların ləğvi və ya dəyişdirilməsi məsələsi gündəmdədir. Hətta Ukrayna prezidentinin postdan uzaqlaşdırılması, ölkənin müəyyən ərazilərinin statusunun dəyişdirilməsi kimi ehtimallar da müzakirə mövzusudur. Maraqlıdır ki, hazırda Ukrayna və onun lideri iştirak etmədən danışıqlar aparılır və müxtəlif şərtlər irəli sürülür. ABŞ və Rusiya liderləri arasında aparılan bu müzakirələrdə Kremlin əsas məqsədi işğal etdiyi ərazilərdən geri çəkilməmək və Ukraynanın NATO üzvlüyünün qarşısını almaqdır. Digər tərəfdən, Ukraynanın üzərinə götürdüyü maliyyə, iqtisadi və hərbi öhdəliklərin necə ödəniləcəyi məsələsi də gündəmdədir. ABŞ bu borcların ödənilməsi üçün Ukraynanın nikel, litium və alüminium kimi strateji metallarını təminat kimi görür”.

Analitikin fikrincə, reallıq ondan ibarətdir ki, Ukrayna müharibədə ciddi itkilər verib və vəziyyət heç də onların xeyrinə deyil:

“Bunu qəbul etmək acı olsa da, hazırkı proseslərin nəticəsi kimi qiymətləndirmək olar. Zelenskinin bu məğlubiyyətlə barışdırılması və hətta növbəti seçkilər vasitəsilə hakimiyyətdən uzaqlaşdırılması planlarının olması da ehtimal edilir. Çünki Zelenski nə Rusiya, nə də kollektiv Qərb üçün artıq uyğun fiqur hesab edilmir. Bu da siyasətin sərt reallıqlarından biridir. Hazırkı dövrdə baş verən hadisələrə obyektiv qiymət vermək vacibdir. Proqnoz vermək çətin olsa da, Ukrayna olmadan Putin və Trampın bölgə siyasətini müzakirə etməsi onu göstərir ki, Zelenski artıq əsas danışıqlar üçün məqbul şəxs kimi qəbul edilmir. Bununla belə, Ukrayna tərəfi bu prosesə qarşı çıxacaq. Genişmiqyaslı sülhə nail olunmasa da, ən azı atəşkəs və ilkin razılaşma üçün Ukrayna liderinin iştirakı nəzərdən keçirilir”.

Rafi Müslümov

www.yenicag.az

282
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv