Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmer ilə telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlığın davam etdirilməsi, xüsusilə Ukraynanın silah istehsalına dəstək və Ukrayna ordusunun təlimi mövzularını müzakirə edib.
Yenicag.az “European Pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidentinin bəyanatında yer alıb.
Zelenski bildirib ki, noyabrın 23-də də Starmer ilə əhatəli və mənalı bir telefon söhbəti baş tutub.
“Biz əməkdaşlığımızın əsas mövzuları üzrə müzakirələr apardıq. Bunlara Ukraynanın silah istehsalına dəstək, Ukrayna ordusunun təlimi, Rusiyanın kölgə tanker donanmasına qarşı sanksiyalar və Estoniyada keçirilən JEF (Birgə Ekspedisiya Qüvvələri) sammiti daxildir”, – deyə Zelenski qeyd edib.
Ukrayna lideri həmçinin ölkəsinin JEF ilə əməkdaşlığı genişləndirmək və təşkilata tamhüquqlu üzv olmaq istəyini vurğulayıb.
“Biz həmçinin dövlətlərimiz arasında 100 illik tərəfdaşlıq haqqında sazişin hazırlanması məsələsini müzakirə etdik. Hazırda bu istiqamətdə işlər davam etdirilir”, – deyə Zelenski əlavə edib.
Qeyd edək ki, Böyük Britaniya 2025-ci ilə qədər öz ərazisində Ukrayna hərbçilərinin hazırlanması üçün “İnterfleks” əməliyyatını davam etdirməyi planlaşdırır. Böyük Britaniyanın müdafiə naziri Con Hilinin son səfəri zamanı ölkənin Ukraynaya ümumi dəyəri 286 milyon dollar olan hərbi yardım paketi təqdim edəcəyi məlum olub. Nazir, həmçinin Britaniya qoşunlarının Ukraynaya təlim məqsədilə göndərilə biləcəyini qeyd edib. Bu, Böyük Britaniyanın müharibədə Ukraynanı dəstəkləmək üçün lider mövqeyini gücləndirmək niyyətinin bir hissəsidir.
www.yenicag.az