Zəngəzur dəhlizi və Xəzər düyünü: Yeni geosiyasi mərhələ başlayır

media-hightechnic-468x90

 

 

 

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanacağı istiqamətində addımlar atılır.

Abu-Dabi görüşündən sonra Vaşinqton görüşünün baş tutacağı iddia olunur. İddialar ortaya atılandan dərhal sonra uzun zamandır səssiz qalan Azərbaycan və Ermənistan müdafiə nazirlikləri səssizliklərini pozdular. Tərəflər bir-birini atəşkəsi pozmaqda, yalan informasiya yaymaqda ittiham etdilər. Gözlənilən idimi? Əlbəttə!

Son zamanların ən çox müzakirə olunan mövzusu Zəngəzur dəhlizidir. Hətta dəhlizi Trampın adı ilə də bağlayırlar. Zəngəzur dəhlizi nədir? Zəngəzur dəhlizi Azərbaycanla Naxçıvanı bir-birinə bağladığı üçünmü əhəmiyyətlidir? Qətiyyən! Az qala bütün dünyanın baş sındırdığı məsələ Azərbaycanla Naxçıvan arasında quru əlaqəsinin yaradılması üçün deyil. Təbii ki, yox! Əgər bu belə olsaydı, bu, dünya üçün ən əhəmiyyətsiz problem olardı. Azərbaycan onsuz da İran üzərindən Naxçıvanla quru əlaqəsi qurur. Əsas məsələ Çindən İngiltərəyə qədər uzanacaq “Bir kəmər, bir yol” layihəsi və həmin layihənin bir neçə kilometrinə (Zəngəzur) hansı dövlətin nəzarəti ələ alacağıdır. Sanki hansısa bir güc bütün diqqəti yolun Ermənistandan keçəcək hissəsinə cəmləyib. Böyük ölkələr, böyük şirkətlər, siyasətçilər və analitiklər yalnız buna fokuslanıblar.

Bu günə qədər yüzlərlə variant ortaya atılıb. Azərbaycanın hərbi güc tətbiq edərək həmin yolu açmasından tutmuş, ən sonuncu ABŞ şirkətinin onu icarəyə götürməsinə qədər müxtəlif ehtimallar mövcuddur. Son baş verən proseslər göstərir ki, Zəngəzur dəhlizinin Rusiyanın nəzarətinə verilməsi ehtimalı çox aşağıdır. Sual yaranır: Rusiya dəhlizdən kənarlaşdırılacaqsa, dəhlizə müdaxilə etmək imkanı sıfıra enəcəkmi? Başqa bir sual: Rusiya üçün “Bir kəmər, bir yol” layihəsinə müdaxilə imkanını nəzərə alsaq, Zəngəzur dəhlizi “A” variantıdır, yoxsa “B”? Düşünürəm ki, müdaxilə imkanlarını hesablasaq, Zəngəzur dəhlizi “B” variantıdır. Yaxşı, “A” variantı və hər kəsin diqqətdən kənarda saxladığı istiqamət isə Xəzər dənizidir.

“Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran tərəfindən imzalanıb. Ancaq İran parlamenti hələ də Konvensiyanı ratifikasiya etməyib. Bu isə o deməkdir ki, Konvensiya hələ qüvvəyə minməyib.

“Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın 22-ci maddəsində deyilir:

“Bu Konvensiya ratifikasiya edilməlidir. Ratifikasiya sənədləri saxlanmaq üçün Depozitari funksiyalarını həyata keçirən Qazaxıstan Respublikasına təqdim edilir. Bu Konvensiya beşinci ratifikasiya sənədinin Depozitari tərəfindən qəbul edildiyi tarixdən qüvvəyə minir”.

Rusiyanın Xəzər dənizində son zamanlar aktivliyi artıb. Bundan əlavə, Rusiya tərəfindən xüsusilə ötən ilin sonundan başlayaraq Xəzərin təhlükəsizliyi və Xəzərdən gələn təhdidlər mövzusunda açıqlamalara rast gəlirik. Hətta ötən ilin dekabrında Rusiya prezidenti Təhlükəsizlik Şurasının iclasında Xəzərin təhlükəsizliyi məsələsini ön plana çıxardı.

Rusiya üçün Xəzər dənizində “Bir kəmər, bir yol” layihəsinə mane olmaq imkanları daha çoxdur. Xəzər dənizindəki 5 ölkənin hərbi gücünə baxdıqda, bunun asanlıqla həyata keçirilə biləcəyini söyləmək mümkündür.

Azərbaycanın hərbi gücünü quru, hava və dəniz olaraq kateqoriyalara ayırsaq, ən zəif sahənin donanma olduğu ortaya çıxır. Azərbaycan 44 günlük müharibədən sonra köhnəlmiş hərbi təyyarələrini Pakistandan aldığı JF-17-lərlə yenilədi. Azərbaycanın döyüş gəmilərinin müasirliyi barədə isə danışmaq yersizdir. Ola bilsin, kimsə deyə bilər ki, gəmi var, onun üzərinə müasir raketlər quraşdırmaq olar. Ancaq bunu düşünmək belə bu sahə barədə bəsit anlayışın olmamasından xəbər verir.

Azərbaycan Pakistanla strateji müttəfiqdir. Hərbi təyyarələrin alınması ilə bu əlaqə daha da möhkəmlənib. Hazırda Pakistan Hərbi Dəniz Qüvvələrinin Ali Baş Komandanı Azərbaycanda səfərdədir. Bu istiqamətdə də müəyyən əməkdaşlıqların baş verəcəyi gözlənilir. Pakistan hərbi gəmilərin inşasını həyata keçirir, lakin bunu tam şəkildə özü etmir. Pakistan hərbi gəmilərin inşasını Çin və Türkiyə ilə birgə həyata keçirə bilir. Hərbi gəmilərin inşası çox bahalı və uzunmüddətli layihədir.

Görünən odur ki, İran və Rusiyanın regiona olan təhdid və təzyiqləri Zəngəzur dəhlizinin açılması ilə bitməyəcək. Yeri gəlmişkən, Rusiyanın Qazaxıstana qarşı ritorikası da kəskin dəyişib. Zəngəzur dəhlizi düyünü açılacağı təqdirdə Xəzər düyünü ortaya çıxa bilər. Bunun işartılarını artıq görmək mümkündür.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa