“Dəhliz Azərbaycanın logistik imkanlarını artıracaq və ölkəmizin nəqliyyat dəhlizlərinin önəmli qovşaqlarından biri kimi mövqelərini, həmçinin Ermənistanın dalan-dövlət “statusu”nu daha da möhkəmləndirəcək, məğlub ölkənin bölgədənkənar təhrikçi-himayədarlarının təlimatları əsasında həyata keçirdiyi pozucu və manipulyativ addımları təsirsiz hala gətirəcək”.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması haqqında fikirlərini bölüşən politoloq Elçin Mirzəbəyli səsləndirib.
Elçin Mirzəbəyli qeyd edib ki, sözügedən memorandumla Naxçıvan MR blokadadan çıxacaq:
“Məlum olduğu kimi, memorandumun məqsədi Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə İran ərazisindən keçməklə Naxçıvan MR arasında yeni dəmir yolu, avtomobil yolu əlaqəsinin, eləcə də rabitə və enerji təminatı xətlərinin yaradılmasından ibarətdir. Bu isə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz kommunikasiyanı təmin edəcək, muxtar respublikanın tamamilə blokadadan çıxmasına zəmin yaradacaq.
İndiki şəraitdə, Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə müxtəlif bəhanələr yaradan Ermənistanın tranzit ölkə olmaq şansını əldən verməmək və dalandan çıxmaq üçün yeganə çıxış yolu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən ibarətdir. Əks təqdirdə, məğlub ölkənin təcrid vəziyyətindən çıxmaq imkanı olmayacaq. Hətta Zəngəzur dəhlizi ilə bağlı bütün öhdəliklərin yerinə yetiriləcəyi və dəhlizin işə düşəcəyi təqdirdə, rəsmi İrəvanın hər hansı bir təxribatçı davranışı dəhlizin bağlanmasına zəmin yaradacaq və bu halda Azərbaycanın Ermənistan ərazisindən kənar alternativi olduğu üçün ölkəmizin və tərəfdaşlarının maraqlarına hər hansı bir ziyan dəyməyəcək. Ermənistan isə, əksinə, daha ağır nəticələrlə üzləşəcək.
Bu baxımdan, İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması Ermənistanın, eləcə də bu ölkə vasitəsi ilə bölgədə davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasına maneə yaradan dairələrin bütün perspektiv təxribatlarına qarşı önləyici tədbir kimi də qəbil edilə bilər. Möhtəşəm gedişdir və Azərbaycanın böyük diplomatik uğurudur”.
www.yenicag.az