“Atalıq borcumu yerinə yetirə bilmədim…”
Əməkdaşımız İsmayıllıda 12 yaşlı məktəblinin dəhşətli intiharının səbəblərini araşdırıb; ağır durumda yaşayan ailənin üç banka borcu varmış…
Canına qiyan İsmətin atası: “Oğlumun intiharından iki gün əvvəl bankdan evə gəlib deyiblər ki, əgər borcunuzu ödəməsəniz, polislə gəlib evinizdəki əşyaları aparacağıq. İsmət də bundan təsirlənmişdi”
Bu il Bilik günü həm də İsmayıllı rayonunda 12 yaşlı şagirdin intiharı ilə yadda qaldı. Məktəbli İsmət Əsədov həmyaşıdlarının yeni dərs ilinə hazırlaşdığı bir vaxtda müəmmalı şəkildə canına qıyıb. Məktəblinin intiharının səbəbi kimi məktəbə getmək üçün formasının və dərs ləvazimatlarının olmadığı iddia edilirdi. Başqa bir iddiaya görə isə 12 yaşlı məktəblinin nevroloji problemləri var imiş.
Hadisənin təfərrüatlarını öyrənmək üçün İsmayıllı rayonuna yollandıq. Məktəblinin ailəsi və təhsil aldığı məktəbdə olaraq dəhşətli intiharın səbəblərini öyrənməyə çalışdıq.
İlk həmsöhbətimiz 12 yaşlı məktəblinin atası Qismət Əsədov oldu.
Hələ də hadisənin təsirində olduğunu deyən ata söhbətimizin əvvəlindəcə oğlunun məktəb forması ala bilmədikləri üçün intihar etməsi versiyasını təkzib etdi. Övladının heç zaman onlardan maddi olaraq nəsə tələb etmədiyini deyən ata İsmətin düşüncələri, xasiyyəti haqda bizimlə bunları bölüşdü: “İsmət bizdən nəsə tələb etməzdi. Maddi imkanımızın nəyə çatdığını bilirdi. Sıxıntımız çox idi, amma İsmət bunu başa düşürdü. İmkanımız çatmayan heç nəyi bu günədək tələb etməyib. Heç kimlə işi olmazdı. Qonşular da, müəllimləri də, dostları da İsməti sakit bir uşaq kimi tanıyırlar. Yeni məktəb forması ala bilməmişdik, amma İsmət bunu problem etmirdi. Elə həmin gün mağazadan dəftər və qələm almışdı. Belə bir hadisənin olacağını nə bilərdik?”.
12 yaşlı İsməti intihara məcbur edəcək səbəbi soruşduqda isə ata göz yaşlarını saxlaya bilmədi. Çətinliklə, hıçqırtı ilə “atalıq borcumu yerinə yetirə bilmədim…” dedi.
Onun üçün asan olmasa da atadan hadisənin baş verdiyi günü xatırlamasını istədik. Qismət Əsədov həmin gün yoldaşı, özü və İsmətlə birgə bağda üzüm yığdıqlarını dedi: “Bağda işləyirdik. İsmət evə bizdən tez gəldi. Bir neçə dəqiqə sonra da biz evə gəldik. Səs-küy idi. Gördük ki, İsməti yerə uzadıblar. Onu kəndirdən bacısı və qardaşı çıxarıb”.
Əsədovlar ailəsinin 4 övladı var. İsmətdən 1 yaş böyük bacısı, 2 yaş kiçik Xəyal adlı qardaşı və evin ən kiçik övladı olan 2 yaşlı Ümid.
İsmət evə qayıtdıqdan sonra evin anbarındakı çardaqdan özünü asıb. İsmətin özünü asdığını ilk olaraq qonşuda yaşayan uşaq görüb. Evdəkilərə xəbər verəndən sonra bacısı və özündən kiçik qardaşı İsməti xilas etməyə çalışıblar.
Xəyal İsməti qucağına alıb, bacısı isə kəndiri boğazından çıxarıb. Lakin artıq gec olub. Məktəblinin atası ilə söhbətimizdə intiharın səbəbi olaraq ən ciddi versiya olaraq səsləndirilənmaddi sıxıntının nə olduğunu öyrənməyə çalışdıq.
Ata İsmətin intihar etməsinə səbəb olacaq vəziyyəti belə danışdı: “Ailəmizdə maddi çətinliyimiz var. Bir neçə banka kredit borcumuz var. Son zamanlar ödəyə bilmirdik. Borclar qızımın xəstəliyinin müalicəsindən sonra yaranıb. Bankdan götürdüyüm krediti verə bilmirdim. Ödənişləri başqasından borc alıb qaytarırdım. Sonra bu borclar da çoxaldı. Borcları da qaytarmaq üçün yenə də kredit götürdük. Yoldaşımın da, mənim də adıma kredit var. Heç birimiz işləmirik. Qazancımız elə bağda işləməkdən çıxır. İsmətin intiharından iki gün əvvəl bankdan evə bir neçə nəfər gəlib. Biz evdə olmamışıq. Qızım və balaca uşaqlar olub. Uşaqlara deyiblər ki, əgər borcunuzu ödəməsəniz, polislə gəlib evinizdəki əşyaları aparacağıq. Uşaqlar qorxmuşdu. İsmət də bundan təsirlənmişdi. Bilirəm ki, maddi sıxıntılar ona təsir edirdi. Amma gizlətmək də olmurdu axı. Hər şey göz qabağında idi”.
Maddi imkanları zəif olan ailənin qazını bir aydan çoxdur ki, borc səbəbindən “Azəriqaz”ın işçiləri kəsibmiş. İntihar hadisəsindən sonra ailənin qazı verilib.
Əsədovlar ailəsi İsmayıllının Müdrüsə kəndindən 2007-ci ildə rayon mərkəzinə köçüblər. 1977-ci il təvəllüdlü Qismət Əsədov fəhləliklə məşğul olur. Əlavə iş olaraq isə dağlarda itburnu yığmaqla məşğul olan Qismət Əsədov bununla ailəsinin dolanışığını təmin etməyə çalışıb. Oğlu İsmət də elə bu işdə atasına kömək edirmiş.
Evin böyük qızı uzun illərdir ki, bel nahiyəsində olan xəstəlikdən əziyyət çəkir. Elə ailənin borcuda övladlarının müalicəsindən sonra çoxalıb. Qismət Əsədovla söhbətimizdə məlum oldu ki, onların 3 banka ümumilikdə 9 min manata yaxın borcu var. Amma bu borcu heç cür ödəyə bilmirlər. Qismət Əsədov borcunu geri qaytarmaq üçün banklardan vaxt istəyib.
Qonşularla da söhbətimizdə hər kəsdən eşitdiyimiz ümumi bir fikir var idi: “İsmət intihar edəcək uşaq deyil. Düşünürük, amma heç bir ehtimal tapa bilmirik. Sakit, dostları ilə yaxşı yola gedən uşaq idi”.
İsmətin intiharının təfərrüatlarını öyrənmək üçün onun təhsil aldığı İsmayıllı rayon 5 saylı tam orta məktəbə də yollandıq. Bizi məktəbin direktoru Elçin Məmmədov qarşıladı. Məktəb direktoru ilə söhbətimizdə İsmətin məktəbdəki davranışı, dərslərinə hazırlığı haqda məlumat öyrəndik.
E.Məmmədov dedi ki, İsmət bütün sinif yoldaşları ilə normal münasibətdə olan şagird olub. Heç bir məktəbli, müəllimlə problem yaşamayan İsmət dərslərindəki davamiyyəti və nailiyyətləri ilə də sinif yoldaşlarından seçilib.
Məktəb direktoru İsmətin məktəbli formasına görə intiharı seçməsi haqda deyilənlərin doğru olmadığını dedi: “Hansı səbəbdən bunu edib dəqiq deyə bilmərik. Amma məktəb formasına görə belə bir iş tutması mümkün deyil. Onların ailəsini yaxşı tanıyıram. Maddi imkanları yaxşı olmasa da məktəb forması almayacaq qədər deyil. Onun atası çox zəhmətkeş insandır. Elə o insanın əllərinə baxsanız görəcəksiniz ki, o necə əziyyət çəkir. Ailənin bütün uşaqları tərbiyəli və sakitdir. Məktəbdə ümumiyyətlə imkanı zəif olan ailələrəaz da olsa yardım edilir. Bizdə yardıma ehtiyacı olan ailələrin siyahısı var”.
E.Məmmədov İsmətin nevroloji probleminin olması haqda səsləndirilən fikirlərə də münasibət bildirdi. Məktəb direktoru bildirdi ki, məktəbin psixoloqu daim uşaqlarla ünsiyyətdə olur. Onların problemlərindən xəbər tutur: “İsmətin şəxsi işinə baxdıqda onun necə şagird olduğunu bilmək olar. Qiymətləri, dərs davranışları həmişə qaydasında olub. Psixoloqumuz mütəmadi olaraq şagirdlərlə söhbət edir. Əgər İsmətin nevroloji problemi olsa idi bundan xəbər tutardı. Biz İsmətin şəxsi işini prokurorluq əməkdaşlarına da göstərmişik. İntihara səbəb nevroloji problem deyil”.
İsmətin şəxsi işi ilə tanış olarkən qiymətlərinin əksəriyyətinin əla və yaxşı olduğunun şahidi olduq.
Məktəb direktoru İsmətin intiharının digər uşaqlara da təsir edə biləcəyini bildirdi. Buna görə də intihar hadisəsi ilə bağlı danışmaqqadağan edilib: “Bura rayon yeridir. Uşaqlar, ailələr bir-birini tanıyır. İsmət haqda yazılanların əksəriyyəti doğru deyil. Bu digər şagirdlərə də təsir edir. Həmçinin İsmətin bacı və qardaşlarına da. İsmətin bacısı və qardaşı dərsə gəlmir. Biz onlara icazə vermişik. Bir müddət keçsin, sonra dərslərə başlayacaqlar. Bu zaman da onlar ciddi şəkildə psixoloq nəzarətində olacaqlar”.
www.yenicag.az