413 minlik "Birmənbə" SİFARİŞİ: Elqar Bağırovun şirkəti dövlət tenderində
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Tayms Konsaltinq” MMC ilə çöl reklamlarının yerləşdirilməsi xidmətinin satın alınmasına dair müqavilə imzalayıb.
Yenicag.az xəbər verir ki, müqavilənin ümumi maliyyə dəyəri 413 000 manat təşkil edir. Satınalma proseduru isə “Dövlət satınalmaları haqqında” Qanunun mübahisəli məqamlarından biri olan “birmənbə metodu” ilə həyata keçirilib.
Dövlət satınalmaları haqqında” Qanuna əsasən, birmənbə metodu yalnız konkret hallarda tətbiq edilə bilər:
-
Satınalma predmetinin alternativi və ya əvəzedicisi olmadıqda;
-
Təcili tələbat yarandıqda (təbii fəlakətlər, qəzalar və s.);
-
Standartlaşdırma və ya əvvəlki satınalmanın davamı olduqda;
-
Kəşfiyyat və əks-kəşfiyyat tələbatı olduqda.
Şirkət haqqında məlumat:
-
Adı: “Tayms Konsaltinq” MMC
-
Təsis tarixi: 22 aprel 2005-ci il
-
Nizamnamə kapitalı: 20 manat
-
Qanuni təmsilçi: Elqar Etibar oğlu Bağırov
“Tayms Konsaltinq” reklam bazarında fəaliyyət göstərən şirkətdir. Şirkətin təsisçisi və qanuni təmsilçisi olan Elqar Bağırov Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) yanında İctimai Şuranın və “Caspian Energy Club” İctimai Birliyinin üzvüdür.
Qeyd edək ki, birmənbə metodu ilə həyata keçirilən bu satınalmanın qanunvericiliyin hansı bəndinə əsasən seçildiyi və müsabiqəsiz prosedurun nə dərəcədə əsaslandırılmış olması hələlik açıqlanmayıb./qaynarinfo/













