AMEA-nın Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) ümumi yığıncağında AMEA-nın beş institutunun direktoru vəzifəsinə seçkilər keçirilib.
Akademiyadan Yenicag.az-a verilən məlumata görə, bölmənin akademik-katibi, akademik Nazim Məmmədov bölmənin elmi tədqiqat müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından həmin institutun elmi şurasında müsabiqə yolu ilə gizli səsvermə nəticəsində irəli sürülür. Sonra səsvermənin nəticələri bölməyə daxil olur.
Gizli səsvermə yolu ilə akademik Nazim Məmmədov Fizika İnstitutu, AMEA-nın müxbir üzvü Misir Mərdanov Riyaziyyat və Mexanika İnstitutu, akademik Rasim Əliquliyev İnformasiya Texnologiyaları İnstitutu, akademik Telman Əliyev İdarəetmə Sistemləri İnstitutu, AMEA-nın müxbir üzvü Oktay Qasımov isə Biofizika İnstitutunun direktoru vəzifəsinə seçiliblər.
Səsvermədə 40 bölmə üzvündən 34-ü iştirak edib.
Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi Yığıncağında isə Abdulla Qarayev adına Fiziologiya İnstitutu və Mərkəzi Nəbatat Bağının direktoru vəzifələrinə seçkilər keçirilib. Biologiya elmləri doktoru, professor Ulduz Həşimova AMEA-nın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun, biologiya elmləri doktoru, dosent vahid Fərzəliyev isə AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru vəzifələrinə seçiliblər.
Seçkinin nəticəsinin təsdiq edilməsi üçün AMEA Rəyasət Heyətinə təqdim olunması qərara alınıb.
www.yenicag.az