Kiyev qapını BAĞLADI: “Zelenski Putinlə üzbəüz görüşməkdə israrlıdır”
“İstənilən dialoq yalnız atəşkəsdən sonra mümkün ola bilər”.
Yenicag.az xəbər verir ki, bunu Rusiya və Ukrayna arasında birbaşa danışıqların mümkün nəticələrini təhlil edən “Reuters” agentliyi yazıb.
Təhlil məqaləsində bildirilib ki, Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda keçirilməsi planlaşdırılan sülh danışıqlarına yalnız Rusiya Prezidenti Vladimir Putin də iştirak edəcəyi təqdirdə qatılacağını bəyan edib.
Məlumata görə, onun müşaviri Mixaylo Podolyak bildirib ki, Zelenski Putinlə üzbəüz görüşməkdə israrlıdır və Rusiyanın digər nümayəndələri ilə görüşmək niyyətində deyil. Bu mövqe Zelenskinin sülhə maraqlı olduğunu göstərmək cəhdi kimi qiymətləndirilir. Prezidentin qərargah rəhbəri Andriy Yermak da bildirib ki, Kiyevin Türkiyəyə səfəri danışıqlara hazır olduqlarının göstəricisidir, lakin istənilən dialoq yalnız atəşkəsdən sonra mümkün ola bilər.
Agentlik yazır ki, Moskva isə Putinin İstanbul görüşünə qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verib. Kremlin sözçüsü Dmitri Peskov daha öncə jurnalistlərə bildirib ki, Rusiya tərəfi danışıqlara hazırlaşır, lakin Putinin iştirakı ilə bağlı sualları şərh etməkdən imtina etmişdi. Putin daha öncə Ukraynanın qeyd-şərtsiz atəşkəs təklifini rədd etsə də, birbaşa danışıqlara başlamaq istədiyini bildirmişdi. ABŞ Prezidenti Donald Tramp da bu prosesə qatılmağa hazır olduğunu bildirib və İstanbul görüşündə iştirak etməyi təklif edib.
Vurğulanıb ki, beynəlxalq tərəflər də danışıqlara dəstək verməkdədir. BRICS-ə üzv olan Çin və Braziliya liderləri birgə bəyanatla çıxış edərək, tərəflərin tezliklə birbaşa dialoqa başlamasına ümid etdiklərini qeyd ediblər. Eyni zamanda, ABŞ dövlət katibi Marko Rubio bir sıra Avropa və NATO müttəfiqləri ilə Ukraynada atəşkəsin əldə olunması yollarını müzakirə edib. Ukrayna tərəfi isə istənilən sülh razılaşmasının yalnız güclü beynəlxalq təhlükəsizlik zəmanətləri ilə mümkün ola biləcəyini vurğulayır. Rusiya ordusunun sayına məhdudiyyət qoyulması kimi təklifləri rədd edir.
Məqalədə qeyd olunur ki, Avropa İttifaqı isə sülh danışıqlarında irəliləyiş olmazsa, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini planlaşdırır. Fransa, Almaniya və digər ölkələr Moskvanın atəşkəsə razı olmaması halında Rusiya neft və maliyyə sektoruna qarşı “kütləvi” sanksiyaların tətbiqinə çağırır. Almaniya Xarici İşlər Nazirliyi isə bu qərarın cümə axşamı keçiriləcək Aİ iclasında müzakirə olunacağını bildirib. Hazırda Rusiya qüvvələri Ukraynanın beşdə bir hissəsinə, o cümlədən Krım, Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin böyük hissəsinə nəzarət edir.
Nəsimi Ələsgərli