İsrail-Fələstin münaqişəsində yeni diplomatik CƏBHƏ: Fransa və Britaniyadan ORTAQ SƏS
Fransa prezidenti Emmanuel Makron, Fələstin dövlətinin tanınmasını və bölgədə sülhün təmin olunması üçün beynəlxalq ictimaiyyətin birgə hərəkət etməsini vacib hesab etdiyini bildirib.
Yenicag.az bildirir ki, o, bu fikirləri Londonda Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşdən sonra keçirilən birgə mətbuat konfransında səsləndirib.
Makron vurğulayıb ki, Paris, London və digər dünya paytaxtları Fələstin dövlətinin tanınması və sülh perspektivinə uyğun bir siyasi dinamikanın başlaması üçün səsini birləşdirməlidir. Onun sözlərinə görə, bu addım yalnız Fələstin xalqının deyil, eyni zamanda bölgənin ümumi təhlükəsizliyi baxımından da həlledici əhəmiyyət kəsb edir.
Fransa lideri həmçinin Yaxın Şərq və Ukrayna ilə bağlı mövqelərinin Böyük Britaniya ilə üst-üstə düşdüyünü qeyd edib. O bildirib ki, Qəzzada atəşkəsin əldə olunması, bütün girovların azad edilməsi və İsrailin hücumlarının dayandırılması üçün birgə çağırış ediblər. Makron bu çağırışın “girovların və Qəzza xalqının iztirablarına son qoymaq üçün” olduğunu vurğulayıb.
Prezident Makron ikidövlətli həll modelinə inandığını bir daha təsdiqləyərək bildirib ki, bu model yalnız bölgəyə sülh və sabitlik gətirə bilər. Onun fikrincə, bu yanaşma İsrailin qonşu dövlətlərlə dinc yanaşı yaşamasına da şərait yaradacaq.
Makronun bu çıxışı, Fransa və Britaniyanın Yaxın Şərqdəki mövcud münaqişəyə qarşı beynəlxalq hüquqa və diplomatik yanaşmalara əsaslanan ortaq mövqe formalaşdırmaq niyyətində olduğunu göstərir.
Göycə Göycəyev