“ABŞ-də yunan və erməni lobbisi həmişə müttəfiq olublar, Türkiyə və Azırbaycana qarşı birgə hərəkət ediblər”.
Bunu ABŞ-nin Türkiyəyə F-16 satmasını əngəlləmək üçün yunan və erməni lobbisinin birləşməsi və bu yöndə fəaliyyətə başlamasını şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Yenicag.az-a açıqlamasında deyib.
Tofiq Zülfüqarov bildirib ki, Türkiyə ilə yəhudi lobbisi birləşsə, yunan və erməni lobbisinin fəaliyyətini bloklaya bilər:
“Lobbiçilik çox mürəkkəb bir işdir. Orada xüsusi sistem formalaşıb. Vaxtilə vəzifədə olanda çalışırdım, bu işlərlə məşğul olam. Səfirimiz daim bu məsələləri diqqətdə saxlayırdı. O vaxt 907-ci düzəlişə etiraz etmək üçün bizi dəstəkləyən lobbilərlə, senatorlarla görüşürdüm. Eyni zamanda, o vaxt rəsmi Afina da maraqlı idi ki, Azərbaycandan çıxan bəzi enerji daşıyıcı xəttlər Yunanıstandan keçsin. Türkiyə də bu fikri dəstəkləyirdi. Çünki istər-istəməz iki ölkə arasında bağlantı yaradacaqdı. Yunanıstan xarici işlər naziri ilə görüşəndən sonra təklif etdi ki, ABŞ-dəki yunan lobbisinin başçısı ilə görüşüm. Görüşdüm. Ancaq görüş nəticəsiz oldu. Çünki onlar birmənalı olaraq Ermənistanı dəstəkləyirdilər. Yunan lobbisi ABŞ-də ən güclü lobbilərdən biridir. Daim yunan lobbisi ilə erməni lobbisi bir yerdə çalışır. Bu baxımdan, onların indi etdiyi yenilik deyil. Hesab edirəm ki, Türkiyə ilə ABŞ arasında razılıq əldə olunubsa, administrasiyanın imkanları var ki, buna nail olsunlar. Ona görə də Türkiyənin bu işdə üstünlüyü var. Bu məsələ həll olunacaq. Razılıq İsveç və Finlandiyanın NATO-ya üzv olması üzərindən əldə olunub. Hər halda, optimistəm. Əks halda, Türkiyə öz vetosuna qayıda bilər. Ermənistan lobbisi ilə yunan lobbisi hər zaman bir yerdə işləyirlər, Azərbaycan və Türkiyəyə qarşı kəsikin mövqe sərgiləyirlər.
ABŞ-də ən böyük imkanlara malik olan yəhudi lobbisidir. Daimi olaraq onlar Türkiyəni və Azərbaycanı dəstəkləyirlər. Bir müddət əvvəl gərginlik olmuşdu. İndi münasibətlər yoluna düşüb. Hesab edirəm ki, yəhudi lobbisi buna qarşı çıxa bilər”.
Səxavət Məmməd
www.yenicag.az