ABŞ-dən Çinə qarşı yeni VİZA SAVAŞI
ABŞ ilə Çin arasında münasibətlərdə yeni gərginlik yaranıb. Vaşinqton Çinli tələbələrə qarşı vizaların məhdudlaşdırılmasına qərar verib.
Yenicag.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio rəsmi “X” hesabında paylaşım edib. Onun sözlərinə görə, qərar Çin Kommunist Partiyası ilə əlaqəsi olan və ya strateji əhəmiyyət kəsb edən sahələrdə təhsil alan çinli tələbələri əhatə edəcək.
ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bu qərarın “aqressiv şəkildə” icra olunacağı bildirilib. Həmçinin Çin və Honkonqdan edilən viza müraciətlərinə dair yoxlamaların ciddi şəkildə gücləndiriləcəyi vurğulanıb.
Pekindən cavab isə gecikməyib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq məsələ ilə bağlı çıxışında qərarı ədalətsiz adlandıraraq, Çinin bu addıma qəti şəkildə etiraz etdiyini bəyan edib.
Göycə Göycəyev