ABŞ İsrail və “Hizbullah” arasında atəşkəs üçün plan layihəsi hazırlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə “The Financial Times” nəşri məlumat yayıb.
KİV bildirir ki, Birləşmiş Ştatlar İsraillə “Hizbullah” silahlı qruplaşması arasında ilkin olaraq hərbi əməliyyatların altmış günlük dayandırılmasını, Livan silahlılarının və İsrail qoşunlarının Livanın cənubundan çıxarılmasını nəzərdə tutan atəşkəs planı layihəsi hazırlayıb.
Eyni zamanda, qəzetin yazdığına görə, təklif İsrail Müdafiə Qüvvələrinin (IDF) özünümüdafiə məqsədilə “Hizbullah” mövqelərinə zərbələr endirməklə yanaşı, müşahidə və kəşfiyyat üçün Livan üzərində uçuşlarını davam etdirmək hüququnu nəzərdə tutur.
Nəşr aydınlaşdırıb ki, Amerika səfirləri Amos Hokşteyn və Brett Makqurk Təl-Əvivə gəlməzdən bir neçə saat əvvəl sənəd layihəsi sızdırılıb və jurnalistlərin əlinə keçib.
Amerika rəsmiləri sənədin həqiqiliyini təsdiqləsələr də, sızdırılmış layihənin bir qədər köhnəldiyi və ona düzəlişlər edilməli olduğu barədə xəbərdarlıq ediblər. Layihəyə əsasən, Birləşmiş Ştatlar beynəlxalq “nəzarət və icra mexanizmi”nin sədri kimi, ilkin iki aylıq keçid dövrü də daxil olmaqla, sazişin icrasına nəzarətdə daha fəal rol oynayacaq.
Rafi Müslümov
www.yenicag.az