!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ-Rusiya rəqabətində Azərbaycan faktoru: “Rusiyanın bəzi dairələri TANAP və TAP-a mane olmağa çalışırlar” – Politoloq

!Reklam – Yazi

ABŞ Konqresinin Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləməsi Avropanın enerji bazarında yeni situasiya yarada bilər.

Yenicag.Az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya qarşı əlavə sanksiyalar zərfini 419 lehinə, 3 əleyhinə səslə qəbul edib.

Sənəddə əksini tapan əsas müddəalardan biri isə ABŞ prezidentinin Rusiyaya qarşı sanksiyaları zəiflətmək və ya aradan qaldırmaq səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlıdır.

Qanun layihəsində Rusiya əleyhinə genişləndirilən sanksiyalar əsasən, enerji və bank sektorlarını və dövlət şirkətlərini əhatə edir.

Rusiyaya qarşı sanksiyaların növbəti mərhələsində bu ölkənin iri neft-qaz şirkətlərinə yönələn ciddi məhdudiyyətlər nəzərdə tutulub. Bəndlərdən biri də dərin sularda, Arktika şelfi ilə şist formasiyada neft kəşfiyyatı və istehsalı üçün Rusiyaya ABŞ texnologiyasının verilməsinə qoyulmuş məhdudiyyətlərin daha da sərtləşdirilməsidir. Bu tədbir “Qazprom neft”, “Qazprom”, “Surqutneftqaz”, “Rosneft” və “Lukoyl” şirkətlərinin payının azı 33 faiz olduğu bütün layihələrə şamil edilir.

Gözlənildiyi kimi, Rusiyanın bu qərara münasibəti neqativ olub. Rusiyanın Xarici İşlər Nazirliyi sanksiyaların sərtləşdirilməsini ikitərəfli münasibətlərin normallaşdırılması imkanlarına ciddi zərbə kimi qiymətləndirib.

Maraqlıdır ki, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker bu sanksiyaların Avropanın enerji şirkətlərinin və digər biznes strukturların fəaliyyətinə təsiri olacağı təqdirdə, Avropa İttifaqının (Aİ) ABŞ-a qarşı cavab tədbirləri görməsinin vacibliyini deyib.

ABŞ-ın Rusiyaya qarşı sanksiyalarında bu ölkənin nəhəng enerji şirkətlərinin fəaliyyətinin məhdudlaşdırılmasının nəzərdə tutulması Avropanın enerji bazarında yeni situasiya yaradır.

Rusiya şirkətlərinə yönələn bu məhdudlaşdırıcı addımlar Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və bazarda iştirakının genişlənməsinə yol açır. Lakin bu tədbirlər həm də Azərbaycanla Rusiyanı Avropa enerji bazarında açıq toqquşmaya yönləldir.

Təbii ki, Avropanı özünün enerji asılılığında saxlayan Rusiya həmin bazardan sıxışdırılaraq, Qərbə qarşı əsas təzyiq vasitəsini itirmək niyyətində deyil. Avropa enerji bazarında Rusiyanın itirəcəyi mövqeləri tutmağa əsas namizəd olan Azərbaycanın bu halda Moskvanın əlavə təzyiqləri ilə üzləşəcəyi tamamilə realdır. Başqa sözlə desək, Rusiyaya qarşı sanksiyaları sərtləşdirməkdə qərarlı olan ABŞ bu addımı ilə Avropa İttifaqı – Rusiya və Azərbaycan – Rusiya münasibətlərindəki “bağ”ları qopartmağı düşünür.

Azərbaycan üçün kifayət qədər aktual olan bu məsələni Yenicag.az-a şərh edən politoloq Elxan Şahinoğlunun fikrincə, ABŞ-ın Rusiya əleyhinə sanksiyaları gücləndirməsi Bakı ilə Moskva arasında hər hansı gərginliyə səbəb olmamalıdır:

“Açığı, düşünmürəm ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsi və bu çərçivədə enerji şirkətlərinə istiqamətlənmiş məhdudlaşdırıcı tədbirlər Bakı ilə Moskvanın münasibətlərində gərginliyə səbəb olsun.

Azərbaycan öz enerji resurslarının dünya bazarına çıxarılması üçün maraqlarına uyğun qaydada ardıcıl siyasət yürütməkdədir. Azərbaycan təbii qazını Türkiyə vasitəsilə Avropa bazarına çıxartmağı nəzərdə tutan TANAP və TAP layihələrinin gerçəkləşdirilməsi istiqamətində addımlar atılmaqdadır.

Rusiyanın əlavə sanksiyalara məruz qalması isə Azərbaycanın sözügedən layihələrinin üstünlüyünü bir qədər də artırır. Ancaq bunun Bakı ilə Moskva arasında ciddi gərginlik yaradacağını düşünmürəm. Nəzərə alaq ki, Rusiya nəhəng karbohidrogen ehtiyatlara malikdir və onun Avropa bazarından birdəfəlik sıxışdırılması real görünmür.

Eyni zamanda, Azərbaycan kimi Rusiya da öz qazını Avropaya çatdırmaq üçün Türkiyə ilə sıx əməkdaşlıq edir və burada “Türk axını” layihəsini xatırlada bilərik. Yəni burada hər bir ölkə öz iqtisadi maraqlarını təmin etmək üçün uyğun siyasətə üstünlük verir.

Hər halda, Rusiya prezidenti Vladimir Putin sözdə də olsa, enerji bazarında sağlam rəqabətə tərəfdar olduqlarını bəyan edib. Lakin Rusiyadakı bəzi dairələr Azərbaycanın enerji bazarındakı fəallığından məmnun deyillər, onlar TANAP və TAP-ı əngəlləməyə çalışırlar.

Ancaq Azərbaycan bütün reallıqları, hətta riskləri nəzərə alaraq, siyasətini öz maraqlarına uyğun şəkildə müəyyənləşdirir. Yuxarıda dediklərimdən çıxış edərək, məlum sanksiyaların Azərbaycanla Rusiya arasında problem yaradacığını zənn etmirəm”.

A. Zeynalov
Yenicag.az

COP29

www.yenicag.az

1147
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv