!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ və Fransdan NÖVBƏTİ DEMARŞ: “Bu ölkələrin səfirlərinin Şuşa konfransına qatılmamaları...” – ŞƏRH

!Reklam – Yazi

“Şuşa konfransında iştirak edən ölkələr postmüharibə dövrünün siyasi reallıqlarının möhkəmləndirilməsində mühüm rol oynayırlar”.

Bu fikirləri avqustun 27-də Şuşada təşkil olunan beynəlxalq konfransda 60-dan çox ölkədən və 19 beynəlxalq təşkilatdan 100-dən çox diplomat, o cümlədən hərbi nümayəndə iştirak etdiyi halda, ABŞ və Fransa səfirlərinin sözügedən tədbirə qatılmamalarının səbəbini şərh edən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, adları çəkilən ölkələrin bu davranışı Azərbaycanın yaratdığı yeni reallığı dəyişmək gücündə deyil:

“Şuşada təşkil olunan beynəlxalq konfransın Laçın şəhəri və digər yaşayış məntəqələrinin Azərbaycanın nəzarətinə keçməsindən dərhal sonra keçirilməsi də özlüyündə çox əhəmiyyətli məqam olmaqla yanaşı, təsadüfi deyil.

Bu tədbir keçmiş Dağlıq Qarabağ ətrafındakı bölgələrdə, ümumiyyətlə, işğaldan azad edilmiş rayonlarda Azərbaycanın mövqeyinin daha da möhkəmlənməsinin və bu ərazilər üzərində ölkəmizin suverenliyinin beynəlxalq miqyasda tanınmasının əlaməti kimi də qəbul oluna bilər.

Şuşada keçirilən beynəlxalq konfrans bir daha sübut edir ki, dünya dövlətləri işğaldan azad olunmuş ərazilərimiz üzərində Azərbaycanın suverenliyinin de-fakto və de-yure tanımaqla postmüharibə dövrünün siyasi reallıqlarının möhkəmləndirilməsində mühüm rol oynayırlar.

Əlbəttə, Şuşa konfransında öz diplomatları ilə təmsil olunan ölkələrin bu jesti regionda yaranmış yeni siyasi reallıqları qəbul etmələrinin göstəricisi olaraq qəbul edildiyi halda, bu kontekstdə daha ehtiyatlı mövqe tutan ölkələr haqqında eyni fikirləri söyləmək imkan xaricindədir.

Xatırlayırsınızsa, Şuşa işğaldan azad edildikdən sonra xarici diplomatların oraya ilk səfəri zamanı da belə təzahürlərin şahidi olmuşduq. O zaman da ABŞ və Fransa səfirləri Şuşaya getməkdən imtina etmişdilər. Bu davranış aydın məsələdir ki, həmin ölkələrin Şuşanın azad edilməsi faktı və bundan yaranan yeni reallıqlarla barışmamalarının təzahürü kimi görünürdü.

Ancaq Azərbaycan özünün ardıcıl və prinsipial mövqeyi ilə Şuşanı ölkəmizin tarixi torpağı kimi bütün dünyaya tanıtdırmağa, dövlətimizin orada atdığı addımların şübhə altına alınmamasına nail oldu. Daha sonra Fransa və Rusiya səfirlərinin Şuşaya səfər etmələri də Azərbaycanın mövqeyinin qalib gəldiyini təsdiqlədi.

ABŞ və Fransa səfirlərinin Şuşa konfransına qatılmamaları həmin ölkələrin timsalında bir diplomatik deyimdir. Lakin bu yanaşma Azərbaycanın yaratdığı yeni reallığı dəyişmək gücündə deyil”.

Qeyd edək ki, Şuşada təşkil olunan beynəlxalq konfransda həm Bakıda fəaliyyət göstərən rezident səfirlər, həm də Türkiyə, İran və Rusiyada fəaliyyət göstərən qeyri-rezident səfirlər iştirak edirlər. Konfransa yaxın coğrafiyada yerləşən ölkələrlə yanaşı, müxtəlif qitələrdə mövcud olan Uqanda, Qvatemala kimi ölkələrin diplomatları da qatılıblar.

A.Zeynalov

www.yenicag.az

904
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv