“Türkiyənin təqdim etdiyi sübutların Vaşinqtonda nəzərə alınması ehtimalı aşağıdır”.
Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Vaşinqtonun rahib Bransonun azad edilməsi, o cümlədən digər güzəştlərin qarşılığında Türkiyənin Mənbicdə və Fərat çayının sağ sahilində əməliyyat keçirməsinə razılıq verməsi haqda məlumatlara münasibət bildirən Rusiyalı şərqşünas İvan Starodubtsev deyib.
İvan Starodubtsevin sözlərinə görə, ABŞ-ın Suriyada həyata keçirdiyi siyasət Ankara ilə Vaşinqton arasında belə bir anlaşmanın gerçəkliyini şübhə altına alır:
“Türkiyənin Mənbicdə əməliyyat keçirməsinin mümkünlüyünü prezident Ərdoğan da dəfələrlə bəyan edib. Lakin indiki şəraitdə “Branson-Mənbic mübadiləsi” haqda danışmaq üçün əsas yoxdur.
Çünki ABŞ bütün dünyaya iki məqamı ən aydın şəkildə nümayiş etdirir:
1) Onlar Suriyanı tərk etmək niyyətində deyil;
2) ABŞ-ın Suriyadakı “yerüstü” müttəfiqləri “Xalq özünümüdafiə dəstələri”ndə (XÖD) və PKK-PYD-də birləşən kürdlərdir.
Türkiyənin XÖD-ün hətta ABŞ-da da terror təşkilatı kimi tanınan PKK ilə əlaqələrinə dair təqdim etdiyi sübutların Vaşinqton tərəfindən nəzərə alınacağı inandırıcı deyil.
ABŞ-ın Türkiyənin kürdlərin güclü bazalarının olduğu Mənbicdə əməliyyat keçirməsinə razılıq verəcəyini təsdiqləyən heç bir əlamət yoxdur”.
Qafqaz Ömərov
www.yenicag.az