Ağır depressiya yaşayan əməkdar artist: “Pandemiya bizi məhv etdi”

“Bu pandemiya insanları məhv etdi. O qədər stress, depressiya yaşadım ki, heç bilmirəm, teatrlar açılanda bərpa oluna biləcəm, ya yox”.

Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktrisa, əməkdar artist Nahidə Orucova pandemiyanın ona vurduğu ziyandan danışarkən deyib.

Səhnədən uzaq düşən aktrisa depressiyadan çıxa bilmədiyini bildirib:

“Xüsusən də yaradıcı insanların evə qapanması dəhşətdir. Bir ildir ki, teatrın qapıları bağlıdır, səhnəyə çıxmırıq. Tamaşaçı ilə ünsiyyət qurmuruq. Aktyor tamaşaçı ilə nəfəs alır, onun enerjisini duymadan yaşaya bilmir. Bir ildir ki, evdə oturmuşam, çəkilişlər, tədbirlər yoxdur, yaradıcılıq ünsiyyətindən uzaq düşmüşük. Maddi çətinliyi də bir qırağa qoyuram, heç olmasa, məvacibimizi alırıq. Amma mənəvi cəhətdən çox əziyyət çəkirik. Mən istənilən vəziyyətdə depressiyaya düşəndə özüm özümü stressdən çıxaran adam olmuşam. Amma bu bir il ərzində mənim kimi güclü insan məhv oldu, özümü depressiyadan çıxara bilmədim. Bitsin bu vəziyyət, normal həyatımıza qayıdaq”.

Cəvahir