“Ağzımız nə idi, verilişdə əcnəbi söz işlədək, dərhal bizi…” - Ofeliya Sənani
“Çox doğru qərardır. Dilimizdə o qədər gözəl söz və ifadələr ola-ola niyə aparıcı əcnəbi dildən istifadə etməlidir? Nə səbəbə?”
Bunu Yenicag.az-a açıqlamasında məşhur diktor, Xalq artisti Ofeliya Sənani Azərbaycan Respublikası Audiovizual Şurasının verilişlərdə əcnəbi söz işlədən aparıcılarla bağlı tədbirlər həyata keçiriləcəyi barədə qərarını şərh edərkən deyib.
O, verilişlərdə aparıcıların rus və digər əcnəbi sözlərdən istifadəsinə qarşı çıxıb:
“Efirə uşaqlar baxır, onlar aparıcıların dilindən çıxan o sözləri eşidir və elə bilirlər ki, elə onlar kimi danışmaq lazımdır. Adi söyüşü belə rus dilində işlədirlər. Buna görə də aparıcılara xəbərdarlıq etmək, xəbərdarlığa məhəl qoyulmadığı halda, sərt cəza tədbirləri görmək lazımdır. Dilimizin saflığını qorumalıyıq, onu gələcək nəsillərə doğru-düzgün ötürməliyik. Bizim dönəmdə televiziyalar belə məsələlərə çox ciddi fikir verirdi. Bizim ağzımız nə idi, verilişdə rus sözü və kəlməsi işlədək. Dərhal iclas keçirilərdi, sərt tənqid olunardıq və töhmət alardıq. Nadir hallarda belə şeylər baş verirdi, onda da rəhbərlik tərəfindən sərt cəza tədbirləri görülürdü. Həmin nəzarət bərpa olunmalıdır. Azərbaycan dili qədər gözəl, zəngin dil yoxdur. Niyə biz öz dilimizin saflığını qorumayaq? Heç görmüsünüz, rus, ingilis Azərbaycan sözü işlətsin? Siz niyə işlədirsiniz? Dilimizə hörmət edin!”
Cəvahir












