Teatrların bağlı qalmasına görə aktyorlar arasında narazılıq getdikcə artır. Əməkdar artist Sənubər İsgəndərlinin bununla bağlı Operativ Qərargaha çağırışı digər həmkarlarını da dilə gətirib.
“Teatrların bağlı qalması absurddur, heç bir məntiqə sığmır. Mütləq şəkildə məşq prosesləri bərpa olunmalı və aktyorlar işə gedib-gəlməlidir”.
Bunu Yenicag.az-a açıqlamasında tanınmış aktyor Azər Aydəmir deyib.
Aktyor tibbi qaydalara əməl olunmaq şərtilə teatrların açılmasını zəruri hesab edib:
“Heç vaxt Azərbaycan teatrlarında anşlaq görülməyib. Hansısa bir tamaşanın ildönümü ilə bağlı dövlət tədbirləri keçiriləndə, ya da əcnəbi tamaşaların nümayişi zamanı belə hal yaşanıb. İndi dövlət tədbirləri pandemiyaya görə onsuz da qadağadadır. Bu, aydın məsələdir. Amma teatrların sıradan tamaşalar göstərməsi ilə bağlı heç bir məntiqi əsas yoxdur. Çünki 100-500 nəfərlik zalın 50 faizi güclə dolurdu. Biz bulvarda, kafe-restoranlarda tətbiq olunan tibbi qaydaları teatr salonlarına da tətbiq edə bilərik. Məsələn, iki oturacağa oyuncaq qoymaqla, yaxud qırmızı lent bağlamaqla tamaşaçıları nəinki 2 metr, hətta 5-6 metr aralı məsafədə otuzdurub tamaşanın təqdim edilməsinə nail ola bilərik.
Azər Aydəmir vəziyyətdən çıxış yolunu da göstərib:
“Kütləvi səhnələrə görə narahatlıq varsa, Teatr Xadimləri İttifaqı, yaxud da Mədəniyyət Nazirliyi yanında Teatrlara Nəzarət Şöbəsi bütün kollektivi məcburiyyət olmadan peyvəndə sövq etməlidir. Hansısa aktyor, yaxud da teatr işçisi peyvənd olunmayıb, ya da buna görə sənədi yoxdursa, teatra buraxılmasın. Əminəm ki, bütün aktyorlar hamısı 100 faiz peyvənd də olunub. İşçilərin hamısı normal peyvənd olunsun və işə gedib-gəlsinlər. Peyvəndə görə də narahatdırlarsa, ən azı tamaşa oynadıqları müddətdə, yəni həftədə üç dəfə PCR testi vermək mümkündür. Elə yerində, klinik lobaratoriya ilə danışıb bu işi həll etmək olar. Bununla da onların yoluxub-yoluxmadığını bilmək mümkündür. Yəni hər şəraitdə tetarların açılması vacibdir, labüddür. İnsanların mənəvi istirahəti və pandemiya dövründə yığılmış stresin atılması üçün teatrların açılması zəruridir”.
Cəvahir
www.yenicag.az