Alimlərdən şok kəşf: Mikroblar ana bətnində belə beyinə təsir göstərir
ABŞ-nin Miçiqan Dövlət Universitetinin alimləri mikrobların beyin inkişafındakı roluna dair mühüm nəticələr açıqlayıb.
Yenicag.az xəbər verir ki, araşdırmaya görə, mikroblar körpələrin beyninə yalnız doğumdan sonra deyil, bətn dövründə də təsir edir.
Təcrübələr zamanı mikrobsuz analardan doğulan siçanların beynində – xüsusilə stres, qan təzyiqi və sosial davranışları idarə edən hipotalamik paraventrikulyar nüvə (PVN) hissəsində neyronların sayının xeyli azaldığı müəyyən olunub. Bu fərq doğumdan sonra mikroblara məruz qalsalar belə, bərpa olunmayıb.
Alimlər bildirir ki, bu nəticələr mikrobların hələ ana rəhmində beynin formalaşmasına təsir etdiyini sübut edir.
“Mikroblar sosial davranışlar və həyati vacib bədən funksiyalarını idarə edən beyin bölgəsinin quruluşunda mühüm rol oynayır. Onların təsiri ana mikroblarından gələn siqnallarla başlayır”, – deyə araşdırmanın müəllifi Aleksandra Kastillo-Ruis qeyd edib.
Mütəxəssislər bu nəticələrin insanlar üçün də keçərli ola biləcəyini istisna etmir. Onların fikrincə, mikrobların həyatın ilk mərhələsindəki roluna daha çox diqqət ayrılmalıdır.