Samir Adıgözəlli: “Yaxşı olardı ki, Almaniya bu narahatlığı qondarma soyqırımı tanıyanda keçirərdi”
“Buna etiraz edənlər Türkiyənin daim gərginlikdə qalmasını istəyənlərdir”
Türkiyədə 3 aylıq fövqəladə vəziyyət elan edilib. Bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuat konfransında deyib. Fövqəladə vəziyyətin elan edilməsi iyulun 20-də Təhlükəsizlik Şurasının toplantısında qərara alınıb.
Ərdoğan vurğulayıb ki, belə bir qərarın verilməsi qətiyyən demokratiya, hüquq və azadlıqlara qarşı deyil, əksinə, bu dəyərləri qorumağa, yüksəltməyə və inkişaf etdirməyə yönəldilib.
Almaniya Türkiyədə fövqəladə vəziyyətin elan edilməsinə münasibət bildirib. Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer Türkiyəyə müraciət edərək ölkədəki fövqəladə vəziyyət rejimini qısa müddətdə ləğv etməyə çağırıb.
Almaniyanın bu mövqeyini nə dərəcədə doğru saymaq olar?
Dünya Azərbaycanlıları Konqresinin aparat rəhbəri Samir Adıgözəlli açıqlamasında bildirdi ki, Almaniyanın məlum açıqlaması başqa ölkənin daxili işinə kobud şəkildə müdaxilədir: “Mən başa düşə bilmirəm, Almaniya niyə bundan narahat olur? Avropada törədilən terror aktlarından sonra elan olunmuş fövqəladə vəziyyət hələ də davam etdirilir. Fransanı və Belçikanı buna misal göstərə bilərik. Çox təəssüflər olsun ki, Qərb bu məsələdə də ikili standartlar ortaya qoyur. Özlərinə nə istəsələr olar, başqalarına yox prinsipi. Türkiyədəki real vəziyyət bunu tələb edir. Ağır bir dönəmdir. Dövlət çevrilişinin qarşısı çətinliklə alınıb. Hər an təhlükə ola bilər. Özü də mən elan olunan fövqəladə vəziyyətin detallarını araşdırmışam. Heç Avropadakı kimi sərt deyil. Məsələn, turizm zonalarına şamil olunmayacaq. Küçəyə çıxmaq qadağan deyil. Bir daha xatırladıram ki, bu hər bir dövlətin öz daxili işinə bağlı olan məsələdir. Yaxşı olardı ki, Almaniya bu narahatlığı qondarma soyqırımı tanıyanda keçirərdi. İndi gərək yoxdur. Buna etiraz edənlər Türkiyənin daim gərginlikdə qalmasını istəyənlərdir”. (BakıXəbər)
www.yenicag.az