Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə azərbaycanlıların kompakt yaşadığı şəhərlərdə Azərbaycan evləri yaradılaraq soydaşlarımızın istifadəsinə verilir.
Növbəti belə bir ev 24 dekabr tarixində Almaniyanın Berlin şəhərində açılıb.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Almaniyadakı Fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının üzvləri, diaspor fəalları, soydaşlarımız, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
Komitə sədri Fuad Muradov 24 dekabr tarixinin ölkəmiz üçün əlamətdar bir gün olduğunu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ad günü olduğunu qeyd edərək, ölkə başçısını doğum günü münasibətilə təbrik edib, son illər ölkəmizdə əldə edilən uğurlardan danışıb. Komitə sədri Azərbaycan evlərinin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu evlər Azərbaycan dövlətini və xalqını sevən, milli maraqlarımızı üstün tutan hər bir kəsin üzünə açıqdır. Azərbaycan evləri azərbaycanlıların bir dayaq nöqtəsi, görüş, müzakirə məkanıdır. Ümid edirəm ki, Azərbaycan evləri xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, birliyi istiqamətində ciddi və əhəmiyyətli rol oynayacaq. Koordinasiya Şuralarının təsis edilməsi ilə bünövrəsi qoyulmuş birliyimiz daha da möhkəmlənəcəkdir.
Daha sonra çıxış edənlər Fövqəladə və səlahiyyətli səfir Ramin Həsənov, Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Yaşar Musayev və digərləri ölkə başçısı İlham Əliyevi ad günü münasibətilə təbrik edərək, Azərbaycanın sülh və sabitlik məkanı olduğunu bildiriblər.
Belə bir əlamətdar gündə xarici ölkədə Azərbaycan evinin açılmasını xaricdə yaşayan soydaşlarımıza yüksək diqqət və qayğının nümunəsi olduğunu qeyd ediblər.
www.yenicag.az