"Azərbaycan-Almaniya əlaqələrinin dərinləşməsi Cənubi Qafqazda yeni reallıq yaradır" — TƏHLİL
“Azərbaycan-Almaniya əməkdaşlığının genişlənməsi bütövlükdə Cənubi Qafqaz regionundakı geosiyasi konfiqurasiyaya təsir etmək gücündə olacaq.”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elşad Mirbəşirli bildirib.
Politoloq Azərbaycan və Almaniya liderlərinin görüşünü təhlil edərək iki ölkə arasındakı münasibətlərin keçmişi və bu gününü müqayisə edib:
“Azərbaycan Prezidentinin Almaniyaya səfəri və prezidentlər arasında baş tutan görüş hər şeydən öncə göstərdi ki, tərəflər münasibətləri keyfiyyətcə yeni mərhələyə keçirmək üçün siyasi iradəyə və işlək mexanizmə sahibdirlər. Bu, çox önəmlidir. Almaniya Avropa İttifaqının aparıcı iqtisadiyyatıdır. Almaniyada müasir texnologiyalar sürətlə inkişaf edir. Eyni zamanda Almaniya həm də Avropanın rentabelli bazarıdır. Bu baxımdan hesab edirəm ki, Azərbaycan-Almaniya münasibətlərinin yeni mərhələyə qədəm qoyması bütövlükdə həm Avropa ilə Azərbaycan arasındakı münasibətlərin inkişafına təsir edir, həm də özünü Cənubi Qafqaz regionundakı ümumi vəziyyətin xarakterində büruzə verəcəkdir. Sözsüz ki, bu, ayrıca olaraq Azərbaycanın iqtisadi maraqlarına cavab verir. Qeyd etdiyim kimi, Aİ-nin siyasi və iqtisadi lokomotivi olan Almaniyanın Azərbaycanla olan münasibətləri özünün yeni mərhələsinə keçir. Bu münasibətlər artıq strateji tərəfdaşlıq xarakteri alır. Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələr əvvəllər nisbətən pərakəndə xarakter daşıyırdı. Burada konkret kompleks yanaşma mövcud deyildi.”
Politoloq qeyd edib ki, bu səfər iki ölkə arasındakı münasibətlərin bundan sonrakı mərhələdə yeni inkişaf prosesinə sürətlə başlamasından xəbər verir:
“Hesab edirəm ki, bundan sonrakı mərhələdə strateji tərəfdaşlıq münasibətlərinə uyğun olaraq vacib sahələrdə (energetika, nəqliyyat, loqistika) və iqtisadiyyatın bütün sahələrində əməkdaşlığın inkişafına kompleks yanaşma sərgilənəcək. Almaniya-Azərbaycan İşgüzar Şurasının yaradılması da bu mənada olduqca təsirli mexanizm rolunda çıxış edəcək. Xatırlatmaq istəyirəm ki, iki ölkə arasında energetika sahəsində artıq əməkdaşlıq mövcuddur. Bu ilin əvvəlindən başlayaraq Almaniya və Avstriyaya təbii qaz nəql edilməyə başlanılıb. Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri kifayət qədər böyükdür. Xüsusilə də yaşıl enerji sahəsində Almaniyanın texnologiyalarından istifadə etməklə uğurlu əməkdaşlıq istiqaməti mümkün olacaq.
Bundan əlavə, nəqliyyat-loqistika sahəsində Azərbaycanın kifayət qədər infrastrukturu mövcuddur. Azərbaycanın unikal coğrafi mövqeyi Asiya və Avropa arasında təbii körpü yaratmağa imkan verir. Almaniya da Orta Dəhlizin inkişaf etdirilməsində maraqlıdır. Bu, bütövlükdə regionun təhlükəsizlik mühitinə və geosiyasi vəziyyətinə də təsir edəcək. Əgər ölkələr öz aralarında daha geniş iqtisadi əlaqələr qurur, əməkdaşlıq üçün daha strateji əhəmiyyətli sahələr müəyyənləşdirirlərsə, eyni zamanda siyasi münasibətlərini də yeni mərhələyə keçirirlərsə, deməli, onların hər biri ayrı-ayrılıqda tərəfdaş dövlətin yerləşdiyi coğrafiyada təhlükəsizliyin daha etibarlı təmin olunmasında, münasibətlərin daha konstruktiv olmasında maraqlı olacaqlar.
Bu baxımdan hesab edirəm ki, Almaniya bundan sonra Cənubi Qafqaz regionunda daha etibarlı təhlükəsizlik mühiti olmasına maraq göstərəcək. Müvafiq olaraq da Azərbaycan-Ermənistan normallaşmasını daha fəal dəstəkləyə bilər. Azərbaycan-Almaniya əməkdaşlığının genişlənməsi bütövlükdə Cənubi Qafqaz regionundakı geosiyasi konfiqurasiyaya təsir etmək gücündə olacaq. Hesab edirəm ki, tərəflər arasında baş tutan görüş və müzakirələr nümayiş etdirir ki, Azərbaycanın Avropada daha bir etibarlı tərəfdaş ölkəsi var. Almaniya-Azərbaycan arasındakı münasibətlər indiyədək inkişaf edirdi, amma hesab edirəm ki, bundan sonra keyfiyyətcə yeni inkişafa, daha səmərəli əməkdaşlığa şahidlik edəcəyik.”
Nurlan Cəfəri













