“Vaşinqtonun Səudiyyə Ərəbistanı kimi varlı və sərfəli müttəfiqdən imtina edəcəyi inandırıcı deyil”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda yoxa çıxmış jurnalist Camal Qaşıqçının ölümünün rəsmən təsdiqlənməsindən sonra Vaşinqton – Ər-Riyad münasibətlərinin gələcəyini dəyərləndirən politoloq Qabil Hüseynli deyib.
Qabil Hüseynlinin sözlərinə görə, Donald Tramp administrasiyası Səudiyə Ərəbistanının kral ailəsinin “Qaşıqçı rəzaləti”ndən itkisiz çıxmasını istəyir:
“Əlbəttə, jurnalist Camal Qaşıqçının diplomatik nümayəndəliyin binasında inanılmaz qəddarlıqla qətlə yetirilməsi çox dəhşətli cinayətdir. Onun amansızlıqla qətlə yetirilməsi faktı jurnalistin xanımına verdiyi və xüsusi səsyazma proqramına malik mobil telefon qeydlərində də öz təsdiqini tapır.
Yəni Qaşıqçının məhz Səudiyyə Ərəbistanı kral ailəsinin birbaşa əmri ilə işgəncə verilərək qətlə yetirildiyi şübhə doğurmur. O baxımdan, Ər-Riyadın Qaşıqçının guya dindirmə zamanı öz əcəli ilə ölməsi iddiası absurddur.
Artıq vəziyyətin ciddiliyi Səudiyyənin kral ailəsini də dərindən narahat edir və bunun nəticəsi olaraq, Qaşıqçının ölümünə görə “günah keçi”ləri tapmaqdadırlar. Bu cinayətlə bağlı onlarla şəxsin həbs edilməsi də dediyim narahatlığın təzahürüdür. Yəqin ki Qaşıqçının qətlə yetirilməsi həbs olunanların ayağına yazılacaq və 10-a yaxın şəxs ağır cəzaya məhkum ediləcək.
ABŞ-ın bundan sonra Qaşıqçı məsələsinə yanaşmasının necə olacağı, Vaşinqtonun Ər-Riyada yönəlik əsəbi bəyanatlarının praktik müstəviyə keçib-keçməyəcəyi həqiqətən də, maraqlı məsələdir. Amerika ictimai rəyi Səudiyyə Ərəbistanı hakimiyyətinə qarşı sərt mövqe tutulmasına köklənib.
Ancaq Vaşinqtonun Səudiyyə Ərəbistanı kimi varlı və sərfəli müttəfiqdən imtina edəcəyi inandırıcı deyil. Ona görə də Amerika kralın bu rəzalətdən “təmiz” çıxmasında maraqlıdır. Tramp administrasiyasının Səudiyyə kralını və vəliəhdini qorumaq cəhdinin nə qədər uğurlu alınacağını isə zaman göstərəcək”.
A.Zeynalov
www.yenicag.az