Ankaradan çağırış: Türkiyə-Azərbaycan qardaşlığına qarşı dezinformasiyalara diqqətli olaq
Türkiyə Prezident Administrasiyası Telekommunikasiya Başqanlığına bağlı fəaliyyət göstərən Dezinformasiya ilə Mübarixə Mərkəzi son günlər Türkiyə–Azərbaycan münasibətləri ilə bağlı sosial mediada yayılan bəzi paylaşımlara dair açıqlama yayıb.
Açıqlamada bildirilib ki, bölgədə baş verən son hadisələr fonunda sosial media başda olmaqla müxtəlif platformalarda Türkiyə və Azərbaycan münasibətlərinə, eləcə də Azərbaycana qarşı həddini aşan tənqid, dezinformasiya və təxribat xarakterli paylaşımlar müşahidə olunur. Qurum bu cür məlumatların iki qardaş ölkə arasındakı münasibətlərə zərər vurmaq məqsədi daşıya biləcəyinə diqqət çəkib.
Bildirilib ki, sarsılmaz tarixi bağlar və ortaq dəyərlərlə bir-birinə möhkəm bağlı olan Türkiyə və Azərbaycan təkcə bu gün deyil, keçmişdə də bir çox çətin sınaqlardan birlikdə və uğurla çıxmağı bacarıb. Dövlət başçıları səviyyəsində də münasibətlər yüksək səviyyədə davam etdirilir. Türkiyə Prezidenti Recep Tayyip Erdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yürüdülən siyasət çərçivəsində iki ölkə arasındakı əlaqələr “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf etdirilir.
Mərkəz ictimaiyyətə müraciət edərək vurğulayıb ki, Türkiyə–Azərbaycan qardaşlığına zərər verə biləcək həddini aşan bəyanatlara, dezinformasiyalara və qara təbliğat xarakterli məlumatlara qarşı daha həssas yanaşmaq vacibdir. Həmçinin qeyd olunub ki, xüsusilə həssas və kritik məsələlərdə Türkiyə və Azərbaycanın rəsmi qurumlarının açıqlamalarına istinad edilməsi mühüm əhəmiyyət daşıyır.













