AŞPA məruzəçisi erməni təxribatlarına son qoya biləcəkmi?
Fikrət Sadıxov: “Şübhə ilə yanaşıram”
Elxan Şahinoğlu: “İnanmaq istərdik ki…
AŞPA Siyasi Komitəsinin Parisdə keçirilən iclasında AŞPA Bürosu tərəfindən Azərbaycanın işğal altındakı ərazilərində vəziyyətlə bağlı məruzəçi təyin olunmuş Robert Valter son günlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən insidentləri araşdırır.
Görəsən, Valterin təmas xəttində baş verən insidentləri araşdırması Ermənistanın ifşa olunmasında, erməni təxribatının qarşısının alınmasında hansısa rol oynaya bilərmi?
Politoloq Fikrət Sadıxov Yenicag.az saytına açıqlamasında məsələyə şübhə ilə yanaşdığını dedi: “Əslində belə bir yüksək rütbəli şəxsin həmin vəzifəyə təyin olunması fonunda bu məsələdə müəyyən irəliləyişə doğru nəsə bir proses başlanmalıdır. Amma buna şübhə ilə yanaşıram. Çünki, yüksək rütbəli siyasətçilər təəssüf ki, nəinki ədalətli yanaşma və köməklik, hətta sadəcə olaraq açıq şəkildə ikiüzlülük nümayiş etdirirlər. Torpaqların azad edilməsilə bağlı qətnamələr var, aparıcı dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Müxtəlif bəyanat və qərarlar da mövcuddur. Sadəcə olaraq, onu icra etmək lazımdır. Valter bu məsələnin həyata keçməsilə məşğul olacaqsa, çox gözəl. Amma yenə də ölkəmizi hansısa kompromisə çağırmaq istəyəcəklərsə, ondan bundan heç bir fayda gözləmək lazım deyil”.
Politoloq Elxan Şahinoğlu inanmaq istərdi ki, məruzəçi obyektiv olaraq, real mənzərəni ortaya qoyacaq: “Belə komissiya və məruzəçilər əvvəllər də olub. Hətta ATƏT-dən tələb edirdik ki, bir komissiya yaradıb işğal altında olan torpaqlara göndərməklə, bura köçürülən erməniləri qeydiyyata alsınlar. Lakin təəssüf ki, məruzəçilər bu məsələyə də ədalətli yanaşma sərgiləmədilər. Bu məruzələrə diqqət yetirsək, görərik ki, orada Qarabağa köçürmələrin olduğu haqda konkret qeydlər yox idi. Avropa Şurası da bu istiqamətdə bir məruzəçi təyin edibsə, inanmaq istərdik ki, növbəti məruzədə olan faktlar ortaya çıxacaq. Əslində Avropa Şurası Qarabağla bağlı Azərbaycana uyğun qərarlar da verib. Bu qərarlar da çox zaman ədalətli olub. Bu aspektdən yanaşsaq, inanmaq istərdik ki, ATƏT məruzəçilərindən fərqli olaraq, AŞPA məruzəçisi işə ciddi yanaşacaq. Faktlar ortadadır. İşğal altında məskunlaşma həyata keçirilir. Dağıntılar var, məscidlər dağıdılıb. Belə bir məruzə hazırlanacaqsa, bu Azərbaycanın haqlı mövqeyini beynəlxalq aləmdə ortaya qoyacaq”.
Rüfət