Bakıda keçirilən ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” adlı beynəlxalq konfrans “Etimadın gücləndirilməsi, mədəni mübadilənin inkişafı və dialoqun təbliği” adlı panellə işini davam etdirib.
Yenicag.az xəbər verir ki, paneldə çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın mədəni abidələrinin işğal altında təcavüzə məruz qalmasından, ölkədə turizmin inkişafından danışıb.
Moldovanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Sergey Sirbu, Bolqarıstanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Desislava Atanasova, Makedoniyanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Yagoda Şahpaşka, Fransanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Paskal Alizard, Qırğızıstanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Emil Toktaşev və digərləri çıxış edərək İpək yolu layihələrinin inkişafında mədəni əlaqələrin, mədəni müxtəlifliyin inkişafının vacibliyindən danışıblar.
Sonda yekun bəyannamə qəbul edilib.
Bəyannamədə deyilir: “Biz, ATƏT-in Parlament Assambleyasında İpək Yoluna Dəstək Qrupunun və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə 2018-ci il martın 13–14-də Bakı şəhərində keçirilən “İpək Yolu boyunca iqtisadi əməkdaşlığın və mədəni əlaqələrin inkişafında parlament üzvlərinin rolu” mövzusunda Beynəlxalq Konfransın iştirakçıları qədim İpək Yolunun yenidən işə salınmasının əhəmiyyətini, mövcud nəqliyyat və enerji dəhlizlərinin səmərəli istismarının, eləcə də “Müasir İpək Yolu” vasitəsi ilə sərnişinlərin, malların və xidmətlərin sərbəst və təhlükəsiz hərəkətinin ATƏT regionu ölkələrinin milli maraqlarına və davamlı iqtisadi inkişafı məqsədlərinə uyğunluğunu nəzərə alaraq, qədim İpək Yolu boyunca yerləşən və həmin yolun yenidən işə salınmasından faydalana bilən ölkələr arasında iqtisadi, ticarət, nəqliyyat, sosial və mədəni əlaqələrin inkişafı və möhkəmlənməsi üçün hökumətlərin göstərdikləri səyləri dəstəkləməyin vacibliyini qeyd edərək, Helsinki Yekun Aktının prinsiplərinə, eləcə də müvafiq qanuni çərçivələrə və ATƏT öhdəliklərinə uyğun olaraq ATƏT regionunda sülhün, təhlükəsizliyin və insan hüquqlarının qorunmasına, davamlı inkişafın və sosial rifahın təmin edilməsinə yönələn layihələrin, o cümlədən ATƏT-in Nazirlər Şurasının 4/16 nömrəli “Yaxşı idarəetmənin gücləndirilməsi və əlaqələndirilmənin təbliği”nə dair Hamburq Qərarına uyğun olaraq Avropa və Asiya arasında əlaqələndirilmənin möhkəmlənməsi məqsədinin həyata keçirilməsində parlament üzvlərinin köməyinin əhəmiyyətini anlayaraq, aşağıdakıları bəyan edirik:
1. Biz təhlükəsizliyin, sabitliyin və tərəqqinin inkişafı naminə Qədim İpək Yolunun bərpası üçün hökumətlərin göstərdikləri səyləri bütünlüklə dəstəkləyirik.
2. İpək Yoluna Dəstək Qrupunun üzvü olan deputatların təmsil etdikləri ölkələrin iqtisadi və biznes subyektləri arasında əməkdaşlığın genişlənməsinə və təşviqinə töhfə verməyə çalışacağıq.
3. Davamlı, təhlükəsiz və çevik nəqliyyat və enerji dəhlizlərinin inkişafı və funksionallığının artması üçün hökumətlərin göstərdikləri səyləri dəstəkləyəcək, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsinə və yayılmasına kömək edəcəyik.
4. Hökumətləri Avropa və Asiya qitələrini birləşdirən Qədim İpək Yolunun bərpası çərçivəsində effektiv nəqliyyat dəhlizlərinin, tranzit şəbəkələrinin və logistika infrastrukturlarının inkişafına ümdə əhəmiyyət verməyə çağırırıq.
5. İpək Yolu ölkələrinin deputatlarının arasında mədəni əlaqələrin, təhsil mübadiləsinin, dinlər arası dialoqun və tolerantlığın; qarşılıqlı anlaşmanın və dialoqun gücləndirilməsi sahəsində irəli sürülən təşəbbüsləri dəstəkləyirik.
6. Biz İpək Yolunun hədəflərinin əsasında olan kibertəhlükəsizlik, Qərb-Şərq özəl və dövlət sektorlarının təhlükəsiz məlumat mübadiləsinə və məlumat ticarət platformalarına dair təşəbbüsləri dəstəkləyirik.
7. Biz İpək Yolu boyunca sərbəst, ədalətli və şəffaf dövriyyənin asanlaşdırması, eləcə də 21-ci əsrin yeni İpək Yolunun əsaslı davamlı infrastruktur layihələrinin maliyyələşdirilməsini təmin etmək üçün maliyyə inteqrasiyasını gücləndirmək üçün bütün səyləri dəstəkləyirik.
8. Parlamentarilər olaraq biz yeni İpək Yolu layihəsinin həyata keçirilməsinə və qanunun aliliyinə riayət olunmasının, fundamental insan hüquqlarının və insanlarımızın mənafeyi naminə demokratik inkişafa dəstəyin həyata keçirilməsinə, eləcə də qeyri-bərabərlik, radikallaşma, terrorçuluq və korrupsiya kimi mümkün təhdidlərə qarşı mübarizənin aparılmasına məqsədyönümlü şəkildə nəzarətin həyata keçirilməsini öhdəlik olaraq qəbul edirik.
9. İpək Yoluna Dəstək Qrupunun növbəti tədbirlərinə ev sahibliyi etmək üçün müraciət edən Belarus, Gürcüstan və İsveçrə nümayəndə heyətlərinin təşəbbüslərini alqışlayırıq.(APA)
www.yenicag.az