“Müşahidə apardığımız seçki dairələrində ümumi vəziyyəti qənaətbəxş hesab etmək olar”
Azərbaycanda fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı beynəlxalq müşahidəçilər rəylərini açıqlayıblar.
Yenicag.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında ilk rəyi Böyük Britaniyadan olan müşahidəçi Peter Douglas Banks açıqlayıb. O bildirib ki, həm seçki günündən bir gün qabaq, həm də seçki günü ölkənin bir neçə bölgəsində seçki məntəqələrində müşahidə aparıblar.
“Müşahidə apardığımız Quba, Şamaxı, Gəncə, Qəbələ, Bakı və Sumqayıtdakı seçki dairələrində ümumi vəziyyəti qənaətbəxş hesab etmək olar. Biz beynəlxalq müşahidəçi statusunda olduğumuz üçün seçkinin gedişatına, seçicilərin seçiminə müdaxilə etmək imkanımız yoxdur. Amma kənardan seçicilərə hər hansı təzyiq edildiyinin, maneçilik törədildiyinin şahidi olmadıq”, – deyə britaniyalı müşahidəçi vurğulayıb.
Danimarkadan olan müşahidəçi Nikolas Milthers namizədlərin sayını və müstəqil şəxslərin namizəd kimi seçkidə iştirakını yüksək qiymətləndirdiyini deyib: “Biz secki gününə qədər 20-dən çox namizədlə görüşdük və onları dinlədik. Hər məntəqədə 20-dən çox namizədin olması seçkidə yaradılan obyektiv şəraitin göstəricisidir”.
Almaniyadan olan müşahidəçi Onur Oğuz Dəllal isə bütün seçkilərdə narazı tərəflərin, neqativlərin olmasının normal olduğunu qeyd edib.
www.yenicag.az