İsveçin Malmö şəhərində “Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalında uğursuzluq yaşandı. Yarışmada “Özünlə apar” mahnısını ifa edən təmsilçilərimiz Fahree və İlkin Dövlətov finala çıxa bilmədi.
Yenicag.az-a açıqlama verən xalq artisti, tanınmış müğənni Mübariz Tağıyev təmsilçilərimizin finala vəsiqə qazana bilməməsini bir neçə məqamla əlaqələndirib:
“Burada siyasi motivlər də səbəb ola bilər. Ölkəmizin bugünkü gündə qazandığı uğurlar, zirvədə olması bir çox dövlətlər tərəfindən həzm olunmur. Bu uğurları onların gözləri götürmür. Azərbaycan iynə kimi çoxunun gözünə batır. Bir səbəb budur.
Digər bir məsələ də hər dəfə birinci yer, ikinci yer, üçüncü yer istəmək də doğru fikir deyil. Hazır olmaq lazımdır ki, belə bir vəziyyət də yarana bilər. Təmsilçilərimiz gəncdirlər, yaxşı da çıxış etdilər. Burada problem axtarmaq lazım deyil. Birinci də ola bilərik, finala çıxmaya da bilərik”.
Cəvahir
www.yenicag.az