Azərbaycan təhsilinin pandemiya sınağı – VİDEO

Koronavirus pandemiyası bütün dünyada olduğu kimi Azərbaycanda da təhsilə ciddi zərbə vurdu, dünyada təhsilin yolunu dəyişdi. Biz birdən-birə yeni, virtual dünyaya daxil olduq. 

Artıq 10 aydır ki, martın üçündən etibarən sinif qapıları şagird və müəllimlərin üzünə bağlıdır. Lakin etiraf olunmalıdır ki, pandemiya dövründə bütün dünyada, o cümlədən Azərbaycanda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması həm tədrisin keyfiyyətinə zərbə vurub, həm də şagirdləri məktəblərdən, tələbələri universitetlərdən uzaq salmaqla onlara mənəvi baxımdan mənfi təsir göstərib.

Təhsil Nazirliyi tədrisi yeni şəraitə uyğunlaşdıra bilmək üçün tədbirlər görməyə başladı. İlk dəfə ölkədə teledərslər praktikası və online tədris tətbiq olundu, “Teledərs”, “Virtual məktəb” layihələri həyata keçirildi, vəziyyətdən çıxmağa çalışıldı.

Bəs ümumilikdə pandemiya təhsil sisteminə necə təsir etdi? 

Ekspertlər hesab edir ki, əyani təhsil əsasında dərslərin mənimsənilməsində 100 faizlik nəticə əldə edilmədiyi halda, distant təhsil sayəsində yüksək nəticə qazanılacağını gözləmək özünü aldatmaq olar. Bu gün distant təhsil ənənəvi təhsil sistemindən fərqli olaraq özünü maksimum 40-50 faiz doğrulda bilir.

Bir mənalı demək olar ki, pandemiya təhsil sistemini tamam dəyişdi. Canlı müəllim-şagir ünsiyyətini unutdurdu, 45 dəqiqəlik dərslər 30-a dəqiqəyə endirildi. Pandemiya onlayn təhsilə, virtual ünsiyyətə təlabatı artırdı.

Təhsil ekspertləri düşünür ki, postpandemiya dövründə də onlayn təhsil davam edəcək. Çünki bu sistem təhsili əlçatan edir.