Azərbaycan Tələbə Liqasında mövsümün bağlanış mərasimi keçirildi
Ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünə yekun vurulub.
Yenicag.az xəbər verir ki, üçüncü yer uğrunda mübarizədə Bakı Dövlət Universitetinin komandası Bakı Mühəndislik Universitetinin komandasına qalib gəlib. Azərbaycan İdman Akademiyasının komandası Azərbaycan Texniki Universitetinin komandasını məğlub edərək liqanın qalibi olub.
Liqanın ikinci altılığında mübarizə aparan komandalardan birinci yeri Azərbaycan Dövlət Pedaqoji Universiteti, ikinci yeri Milli Aviasiya Akademiyası, üçüncü yeri Azərbaycan Tibb Universitetinin komandası tutub.
Oyunlardan sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin rəsmi şəxsləri, veteran futbolçular iştirak ediblər.
Sonra AFFA-nın Hakimlər Komitəsinə oyunların idarə olunmasındakı səmərəli fəaliyyətinə görə “Təşəkkürnamə” təqdim olunub. Oyunlarda fərqlənən üç tələbə-futbolçu “Ən yaxşı qapıçı”, “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunub, ikinci altılığın qalib komandalarına hədiyyə, liqanın qalib komandalarına medal və pul mükafatı, çempion komandaya kubok təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Tələbə Liqası 2023-cü ildən etibarən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.
Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünə 29 noyabr 2024-cü il tarixdə start verilib və liqada 12 ali təhsil müəssisəsi mübarizə aparıb.
Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliğ edilməsi, onlar arasında perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasıdır.