Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olub.
Bu barədə Yenicag.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, bu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 618,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Azərbaycanla qonşu dövlətlər arasında dövlət sərhədində məhdudlaşdırıcı rejimin, eləcə də dünyanın əksər ölkələrində vətəndaşların səfərlərinə müvəqqəti məhdudiyyətlərin tətbiq olunması cari ilin aprel-iyul aylarında ölkəmizə gələnlərin sayında kəskin azalmaya səbəb olmuş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədləri ilə həyata keçirilib.
Bu ilin yanvar-iyul aylarında ölkəmizə gələnlərin 29,1%-i Rusiya, 26,1%-i Gürcüstan, 15,9%-i Türkiyə, 7,4%-i İran, 2,1%-i Ukrayna, 2%-i Hindistan, 1,9%-i Səudiyyə Ərəbistanı, 1,3%-i Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,2% olmaqla Pakistan və Qazaxıstan, hər birindən 1,1% olmaqla Küveyt və Türkmənistan, 0,9%-i Böyük Britaniya, 0,8%-i İraq, hər birindən 0,7% olmaqla Özbəkistan və Belarus, 0,6%-i İsrail, 5,8%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 77,2%-ni kişilər, 22,8%-ni qadınlar təşkil edib.
Cari ilin yanvar-iyul aylarında Çindən gələnlərin sayı 9,8 dəfə, Cənubi Koreyadan – 9,2 dəfə, İsraildən – 6,5 dəfə, Yaponiyadan və Polşadan – 6,3 dəfə, Macarıstandan – 5,9 dəfə, İraqdan – 5,4 dəfə, Omandan və Səudiyyə Ərəbistanından – 5,3 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən – 5,2 dəfə, Kanadadan və ABŞ-dan – 4,9 dəfə, Fransadan – 4,8 dəfə, Böyük Britaniyadan, Almaniyadan və Niderlanddan – 4,4 dəfə, Türkmənistandan – 3,9 dəfə, Qətərdən – 3,8 dəfə, İtaliyadan – 3,7 dəfə, Qazaxıstandan – 3,5 dəfə azalıb.
Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,8 dəfə azalaraq 17,5 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 3,6 dəfə azalaraq 83,3 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3 dəfə azalaraq 218 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,6%-i dəmir yolu və avtomobil, 29,5%-i hava, 1,9%-i isə dəniz nəqliyyatından istifadə edib.
2019-cu ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 3,1 dəfə azalaraq 996,5 min nəfər olmuşdur. Ölkə vətəndaşlarının 32,8%-i İrana, 29,2%-i Gürcüstana, 20,3 %i Rusiyaya, 10%-i Türkiyəyə, 7,7%-i digər ölkələrə səfər etib. Gedənlərin 69,9%-ni kişilər, 30,1%-ni qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 3,6 dəfə, Türkiyəyə gedənlərin sayı 3,4 dəfə, Gürcüstana gedənlərin sayı 3 dəfə, Rusiyaya gedənlərin sayı isə 2,7 dəfə azalib.
Bu ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 80,7%-i dəmir yolu və avtomobil, 17,2%-i hava, 2,1%-i isə dəniz nəqliyyatından istifadə etib.
www.yenicag.az