Nazirlər Kabineti “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında”qərarında dəyişiklik edib.
Yenicag.az xəbər verir ki, Nizamnaməyə əsasən indiyə qədər dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə işləyən tək valideynlərin, təhsilalan anaların, I və II qrup əlillərin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, hərbi xidmətdə olan ataların, işsiz valideynlərin uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul ediliblər.
Dəyişikliyə əsasən dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, tək işləyən valideynlərin, I və II qrup əlillərin, hərbi xidmətdə olan valideynlərin, təhsilalan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul ediləcəklər. Başqa sözlə, bu kateqoriyaya artıq şəhid ailələrinin uşaqları daxil edilib, işsiz valideynlərin uşaqları bu kateqoriyadan çıxarılıb Eyni zamanda tək hərbi xidmətdə olan ataların deyil, ümumiyyətlə hərbi xidmətdə olan valideynlərin uşaqlarının dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə qəbul edilməsinə qərar verilib.
İndiyə qədər məktəbəqədər təhsil müəssisəsinin işçiləri ən azı ildə 2 dəfə tibbi müayinədən keçiblər. Tibbi müayinə təsisçinin hesabına həyata keçirilib.Bundan sonra isə məktəbəqədər təhsil müəssisəsində təhsilverənlər qanunvericiliklə müəyyən edilmiş qaydada ildə bir dəfə dövlət hesabına, digər işçilər isə ən azı ildə 2 dəfə təsisçinin hesabına tibbi müayinədən keçəcəklər.
Məktəbəqədər təhsil müəssisəsində tədris dili dövlət dili – Azərbaycan dilidir. Qüvvədə olan Nizamnaməyə əsasən indiyə qədər valideynlərin istəyi ilə tədris məktəbəqədər təhsilin dövlət standartları əsasında digər dillərdə də aparıla bilərdi. Dəyişikliyə əsasən bundan sonra Azərbaycan dilini öyrətmək və Azərbaycan dilində ünsiyyət bacarıqlarını inkişaf etdirmək şərti ilə məktəbəqədər təhsil digər dillərdə də aparıla biləcək.
www.yenicag.az