Türkiyənin TRT Haber kanalı Azərbaycanda FETÖ terror şəbəkəsinə qarşı həyata keçirilən davamlı tədbirlər haqqında geniş süjet yayımlayıb.
Yenicag.az xəbər verir ki, TRT Haber-in videomaterialında çıxış edən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat, millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Cemal Yanqın və “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər Azərbaycanda FETÖ-ya qarşı həyata keçirilən tədbirlər haqqında ətraflı danışıblar.
FETÖ terror şəbəkəsi Türkiyədən sonra ilk olaraq, Azərbaycanda fəaliyyət göstərməyə başlamışdı. Qafqaz çoğrafiyasındakı dövlətlərə çıxış üçün Azərbaycandan istifadə edən şəbəkə təhsil, media və biznes sahələrinə nüfuz etməyə çalışdı. TRT heyəti 26 il əvvəl Azərbaycanda şəbəkələşməyə başlayan FETÖ-nün ölkədə hansı problemlərə yol açdıqlarını və bu quruma qarşı hansı tədbirlərin görüldüyünü araşdırıb.
FETÖ 70 illik Sovet əsarətindən yeni qurtulan Azərbaycan xalqını ilk olaraq, din və təhsil sahəsində istismar etməyə başladı. Türkiyə istiqlaliyyətinin elan etdikdən sonra Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə oldu. Azərbaycanın inkişafına dəstək vermək üçün Türkiyədə bütün imkanlar səfərbər edildi. Ancaq o zaman FETÖ bu səmimi qardaşlıq duyğusundan sui-istifadı edərək, xain niyyətlərini həyata keçirmək üçün hərəkətə keçdi.
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat:
“FETÖ Türkiyədən sonra Rusiyadan qopan yeni dövlətlər üzərində təsir imkanı qazanmaq üçün hazırlanmış layihə olaraq, Azərbaycana daxil oldu. Eyni zamanda, regionda şəbəkələşməyə yönəlik fəaliyyətini də təəssüf ki, buradan idarə etdi”.
FETÖ Azərbaycanda ilk dəfə təhsil sahəsində fəaliyyət göstərməyə başladı. Qısa müddət ərzində Azərbaycanda ibtidai məktəb, orta məktəb və lisey açan FETÖ kurs təlimini də Azərbaycanın təhsil sisteminə sırıdı.
FETÖ daha sonra təhsil sahəsindəki təşkilatlanmasını yüksək səviyyəyə çatdıraraq, Azərbaycanda universitet də yaratdı. O universitet tələbələrin pozuculuq fəaliyyətinə cəlb olunmaları ilə də gündəmə gəldi. Həmin universitetlə bağlı diqqəti çəkən məqamlardan biri də universitetin binasına yuxarıdan baxanda, korpusun FETÖ lideri Fətullah Gülənin adının baş hərfi olan “F” formasında tikilməsidir.
FETÖ-nun Azərbaycanda xüsusi əhəmiyyət verdiyi digər sahə isə media idi. Şəbəkə Azərbaycanda öz yalanlarını yaymaq üçün çox mühüm vasitə olan medianın imkanlarından da yararlandı”.
“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər:
“Burada media ordusu yaratmaq istəyirdilər və ciddi alqı əməliyyatları aparırdılar”.
FETÖ şirkin əməllərini həyata keçirmək üçün maliyyə əldə etmək məqsədilə Azərbaycanın biznes sferasında da fəaliyyət göstərdi. Türkiyə-Azərbaycan dostluğunun arxasına sığınaraq, Azərbaycanda ticari işlərlə məşğul olan terror şəbəkəsi buradan əldə etdiyi gəlirləri Qafqaz coğrafiyasındakı digər ölkələrdə də təşkilatlanmağa sərf etdi. FETÖ Azərbaycanda onun xain əməllərinə qarşı çıxan hər kəsə qarşı müxtəlif tələlər quraraq, zərərsizləşdirməyə çalışdı.
Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin rəhbəri Hüseyin Büyükfırat Azərbaycanda bu şəbəkəyə qarşı apardığı mübarizə səbəbindən Türkiyədəki “Tahşiye işi” adlı qondarma ittihamın hədəflərindən birinə çevrildi.
Hüseyin Büyükfırat:
“Bu, insanların imanını təslim almaq layihəsi idi. O şəraitdə həmin duruma qarşı etiraz edilməsi lazım idi”.
FETÖ-nün bu fəaliyyətinə qarşı etirazlar güclənirdi.
Hüseyin Büyükfırat:
“Molla Məhəmməd Doğan adlı böyük bir alim vardı. O, bu fəaliyyətə qarşı çıxaraq, ətrafdakı insanları oyatmağa çalışdı. Daha sonra isə öz mühazirələrini kitab halına gətirdi. O kitablar da “Tahşiye” nəşriyyatında çap olunurdu. Bu sözün mənası da şərh etmək, açıqlamaqdır”.
“Tahşiye” nəşriyyatı bununla FETÖ-nün hədəfinə çevrildi.
Hüseyin Büyükfırat:
“Bir gün FETÖ-çulara deyilir ki, yaxın vaxtlarda “Tahşiye” adlı şəbəkə ortaya çıxa bilər. Yəni Fətullah ona qarşı elmi müstəvidə mübarizə aparan bu nəşriyyatı ictimaiyyətə bir şəbəkə kimi tanıtmağa başlayır. Bundan sonra onun himayəsində olan media və şəxslər də bu istiqamətdə təbliğata girişdilər ki, bu “Tahşiye”də kimlər ola bilər? FETÖ-nun “Samanyolu” adlı telekanalı vardı. O kanalda tək Türkiyədə bir serial yayımlanırdı. Orada deyilir ki, yeni şəbəkənin adı “Tahşiyə” olsun. Bununla da, iyirmi mətbəəni birləşdirən nəşriyyat terror təşkilatı kimi tanıdılır”.
FETÖ Türkiyədəki qondarma ittihamların bənzərini Azərbaycanda da tətbiq etməyə başladı.
Hüseyin Büyükfırat:
“Ömür boyu bir hadisəyə də qarışmayan insanlar bir anda “terrorçu” olaraq, həbs edildilər və 17 ay məhbəsdə saxlandılar. Bu əməliyyatın gedişində mənə əlləri çatmadıqda, başqa bəhanə ilə qardaşımı həbs etdilər”.
FETÖ-nun ən çox sui-stifadə etdiyi sahə isə dindir. Özlərini dinə xidmət edən insanlar kimi qələmə verən FETÖ-çular Azərbaycan xalqından qurbanlıqlar, zəkat və yardımlar toplayırdılar.
Hüseyin Büyükfırat:
“İnsanların mənəvi hisslərindən istifadə edərək, onlardan zəkat pulu, qurbanlıqlar yığırdılar. Onların topladıqları bu vəsaitləri, zəkat pullarını İslam qaydalarına uyğun xərcləmədiklərini gördükdə isə etirazlar başladı. Alınan qurbanlıqlarının kəsilməməsinin şahidi olduq”.
Azərbaycan xalqının təmiz hisslərini illər boyu istismar edən FETÖ-nun xain planları 17-25 dekabr əməliyyatları sayəsində üzə çıxdı. Azərbaycan dövləti FETÖ-yə qarşı əməliyyatlara başladı. İlk olaraq, FETÖ-nun təhsil sahəsindəki şəbəkəsinə qarşı addım atıldı.
FETÖ-yə bağlılığı ilə tanınan və 13 filialı olan “Araz” kursları ilə 11 lisey bağlandı. Daha sonra isə Qafqaz Universiteti ləğv olunaraq, yerində başqa universitet yaradııldı. Universitetin 50-yə qədər əməkdaşının fəaliyyətinə son qoyuldu.
Media sahəsində isə FETÖ ilə bağlılığı təsdiqlənən bir telekanalın, “Zaman-Azərbaycan” qəzeti və onun internet versiyasının yayımı dayandırıldı.
Millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu:
“Qlobal imperializm şəbəkəsi özünə xidmət edəcək qlobal terror şəbəkəsi formalaşdırmışdı. Azərbaycanda qlobal terrora və imperializmə xidmət edən media orqanlarının hamısı bağlandı”.
15 iyul xain çevriliş cəhdindən sonra da Azərbaycan Türkiyəyə ən böyük dəstək verən ölkələrdən biri oldu. Çevriliş cəhdi Azərbaycan prezidenti İlham Əliyev tərəfindən dərhal pisləndi və Azərbaycanın Türk xalqının yanında olduğuna dair mesaj verildi. QHT-lər də Azərbaycan xalqını FETÖ-nun fəaliyyəti ilə bağlı məlumatlandırmaq üçün fəaliyyət göstərirlər. Müxtəlif QHT-lər təşkil olunan toplantılar və sosial şəbəkələr vasitəsilə Azərbaycan xalqını FETÖ təhlükəsi ilə bağlı məlumatlandıdırlar.
Aqil Ələsgər:
“Sosial şəbəkələr vasitəsilə Azərbaycanla Türkiyəni qarşı-qarşıya gətirmək üçün zaman-zaman atdıqları addımlar görürük. Azərbaycan dövləti və nüfuzlu media orqanları da bu məsələdə artıq oyanıblar”.
Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Cemal Yangın:
“Üzləşdiyimiz 15 iyul olaylarının Azərbaycanın da başına gəlməsini əsla istəmirik. Vətənpərvər, öz ölkələrini sevən, hər iki dövlət üçün çalışan insanlar bundan sonra Azərbaycanda FETÖ-ya yol verməzlər”.
Azərbaycanın Baş Prokurorluğu FETÖ-çuların Azərbaycandan kənardakı ortaqları ilə əlaqələrinin və maliyyə kanallarının müəyyənləşdirilməsi məqsədilə Türkiyənin Baş Prokurorluğu ilə birgə fəaliyyət göstərir.
Bundan başqa, FETÖ-nun Azərbaycandakı təmsilçilərinin qanundankənar hərəkətlərinin qarşısının alınması üçün təhqiqatlar da davam etdirilir.
www.yenicag.az