Reklam: High Technic
hightechnic

Azərbaycanda müharibə jurnalistikası

Azərbaycan əlverişli coğrafi şəraitinə, münbit torpaqlarına, yeraltı-yerüstü sərvətlərinə görə hər zaman qonşu dövlətlərin maraq dairəsində olub. Bu səbəbdən də tarix boyu başqa dövlətlər onun uğrunda müharibələr aparıb.

Ölkəmizin müstəqillik qazandıqdan sonra da başı üzərindən qara buludlar sovuşmayıb. Torpaqlarımızın 20 faizindən çoxu hələ də düşmən işğalı altında qalmaqda davam edir. Müharibə şəraitində olması ölkədə jurnalistikanın inkişafına da təsir etməyə bilməzdi. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra torpaqlarımız qarış-qarış əldən getməyə başladı. Bu vəziyyət müharibə jurnalistikasının inkişafına təkan verdi. Azərbaycanın mərd oğullarından olan Çingiz Mustafayev kamera və mikrofonla silahlanıb müharibə zonasına yollandı. Qaynar nöqtələrdə baş verən hadisələri məhz o lentə alaraq dünya ictimaiyyətinə çatdırdı. Azərbaycanda Müharibə jurnalistikasının yaranmasını Çingiz Mustafayevə borcluyuq.

Ermənistanın ölkəmizə təcavüzü nəticəsində vətənimiz minlərlə şəhid verdi. Bu mübarək mərtəbəyə yüksələnlər arasında “Молодежь Азербайджана” qəzetinin müxbiri Salatın Əsgərova Laçından Şuşaya gedərkən, “Dalğa” verilişinin yaradıcılarından biri Osman Mirzəyev Xocavən rayonu yaxınlığında Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində, Müharibə dövründə Dağlıq Qarabağdan müsahibə və reportajlar hazırlayan peşəkar telejurnalist, 1991-ci ildə fəaliyyətinə görə “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülmüş Alı Mustafayev 1991-ci il 20 noyabrda Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında sülhməramlı nümayəndələri aparan vertolyotun vurulması nəticəsində həlak olublar.

Vətən yolunda canlarını qurban verən jurnalistlər arasında Çingiz Mustafayev xüsusilə fərqlənib.
Əsl ixtisası həkim olan, lakin jurnalistikaya böyük həvəsi olan Çingiz Mustafayev bacarığını 1990-cı il 20 Yanvar hadisələri zamanı göstərməyə başlayıb. O, Qızıl Ordunun Bakıda törətdiyi vəhşilikləri lentə alıb. 1991-ci ildən isə o, həyatını bütövlükdə jurnalistikaya həsr edib. Çingiz Mustafayevin əsasını qoyduğu “215 KL” studiyasında hazırlanan reportajları informasiya blokadasında olan Azərbaycan haqqında reallıqların Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb. Qəhrəman jurnalist 1992-ci il iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olub. Çingiz Mustafayev Xocalı haqqında çəkdiyi filmi ilə beynəlxalq arenada Ermənistanın imicinə zərbə endirib.

Ermənilərin torpaqlarımızda törətdiyi insanlığa sığmayan vəhşilikləri ürək ağrısı ilə çəkən Çingiz Mustafayev sayəsində bu gün biz BMT, Avropa Şurası kimi mötəbər təşkilatlarda ermənilərin Xocalıda dinc, silahsız əhaliyə soyqırım həyata keçirdiyini əyani surətdə sübut edə bilirik.

Afət Loğmanqızı

Milli Qəhrəman Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupunun “Çingiz Mustafayev və Azərbaycanda müharibə jurnalistikası” mövzusundakı müsabiqəsinə təqdim olunur

www.yenicag.az

134