!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin HAZIRLIĞI: "Müdafiə Nazirliyinin rəhbər strukturlarında vəzifə tutan şəxslər..."

!Reklam – Yazi

“İranın Xəzər dənizindəki döyüş gəmiləri baxımından mövcud imkanları zəif deyil. Azərbaycan bu məsələ ilə bağlı ciddi tədbirlər həyata keçirməlidir”.

Bu fikirləri Azərbaycanla İran arasındakı gərginlik fonunda tərəflərin hərbi dəniz qoşunlarının vəziyyətini dəyərləndirən hərbi ekspert Ramil Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Ramil Məmmədli bildirib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin ciddi şəkildə yenilənməsinə ehtiyac var:

“Azərbaycanın Hərbi Dəniz Qüvvələri SSRİ dağıldıqdan sonra formalaşma dövründə Xəzər dəniz donanmasının ən böyük maddi, texniki imkanını əldə etdi. Bu maddi, texniki bazanın böyük hissəsi döyüş gəmilərinin payına düşdü. Gəmilərin böyük hissəsi artilleriya gəmiləri və həmin dövr üçün müasir texnologiyalar səviyyəsində hazırlanan gəmilər idi. Dövr dəyişib, inkişaf gedir, Hərbi Dəniz Qüvvələrinin inventarına daxil edilən hərbi vasitələr 70-80-ci illərin modifikasiyası, 60-70-ci illərin elmi-nəzəri bazasında hazırlanmış hərbi dəniz vasitələri idi. Sonrakı dövrdə modernləşmə işləri həyata keçirildi, bəzi yeni məhsullar HDQ-yə əlavə olundu. Söhbət raket və silah sistemlərindən gedir.

Azərbaycan HDQ-nin ciddi yenilənməyə ehtiyacı var, modernləşməyə yox. Bu isə HDQ-nin rəhbərliyinin səviyyəsində olan məsələ deyil. Bu məsələ Müdafiə Nazirliyi və hərbi sistemi kurasiya edən, proseslərə nəzarət edən, qərar verən şəxslərin səlahiyyətində olan məsələdir. Çünki bir neçə milyard lazımdır ki, yeni gəmilər alınsın, HDQ yeni məhsullarla təmin olunsun.

İranı təhlil edərkən qarşımızda çox müasir döyüş gəmilərinə malik olan Rusiya kimi İran görmürük. Birmənalı demək mümkün deyil ki, İranın Xəzər dəniz qüvvələri güclüdür. Onların tanınmış gəmisi “Damavənd”dir və müasir silah sistemləridir. Etiraf etmək lazımdır ki, İran Çin və Rusiyanın hərbi dəniz vasitələrinin sayəsində Xəzər dənizindəki hərbi dəniz qüvvələrini modernləşdirə bilib, yeni gəmi və katerlərə sahib olub.

Belə qənaətə gəlmək mümkündür ki, İranın Xəzər dənizindəki döyüş gəmiləri baxımından mövcud imkanları zəif deyil. Azərbaycan bu məsələ ilə bağlı ciddi tədbirlər həyata keçirməlidir. Təxminən 10 ildir bu sözləri deyirəm. Çox təəssüf ki, Müdafiə Nazirliyinin həm keçmiş, həm də indi rəhbər strukturlarında vəzifə tutan şəxslərin bəziləri Azərbaycanın HDQ-nin yenilənmə prosesini bütün məsələlərin sonuna saxlayıblar. Biz təxminən 10 il geri düşmüşük. Bu strateji baxımdan səhvdir. Bu Azərbaycanın strateji maraqlarına zərbə vuran yanlışlıqdır. Heç kim deməsin ki, sabah Türkmənistanla, Qazaxıstanla aramızda gərginlik olmayacaq, Rusiya ilə düşmən olmayacağıq. Kimin ağlına gələ bilərdi ki, İranla Azərbaycan strateji düşmənçilik səviyyəsinə gəlib çıxacaq. Fakt odur ki, Azərbaycan sərhəd qoşunları ilə İran sərhəd qoşunları sərhəddəki mühafizəni birə üç gücləndiriblər. Eyni vəziyyət Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə Qoşunları ilə bağlıdır. Bəs dənizdə nə etmişik?

Azərbaycan bu günə qədər gəmi inşası üçün zavod tikə, şirkət yarada bilərdi. Bu baxımdan, İran Azərbaycandan bir addım irəlidədir. Bu da heç də yaxşı deyil”.

Səxavət Məmməd

www.yenicag.az

809
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv