Azərbaycanın strateji rolu ARTIR: “Buna mane olan qüvvələrin başqa variantı yoxdur”
“Qlobal lider kimi Prezident İlham Əliyevin müəllifi olduğu Zəngəzur dəhlizi həm ölkəmizə, həm də dünya iqtisadiyyatına böyük töhfə verəcəkdir”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O, beynəlxalq daşımaların təhlükəsizliyi baxımından yaranan geosiyasi reallıqlar fonunda Zəngəzur dəhlizinin əhəmiyyətindən danışıb.
Deputat bildirib ki, 44 günlük Vətən müharibəsindəki qələbədn sonra Azərbaycan yalnzı regionda yox, böyük arealda yeni reallıqlar formalaşdırıb.
“Yeni dünya nizamı fonunda baş verən proseslər durmadan dəyişməkdədir. Burada zəif və güclü dövlətlər meydana çıxır. Güclü lideri olan dövlətlər uğurla inkişaf edir, zəiflər isə problemlərlə üzləşir. Ermənistan müharibədən kapitulyasiya ilə ayrılmasından sonra üzərinə öhdəliklər götürməsinə baxmayaraq ləngitmə siyasətini üstün tutur. Prezident İlham Əliyev dəfələrlə Zəngəzur dəhlizi ilə bağlı beynəlxalq platformalarda çıxış edərək layihənin Orta Dəhliz üçün xüsusi əhəmiyyət kəsb etdiyini faktlarla vurğulayıb”.
Onun sözlərinə görə, Çindən Avropaya uzanan böyük yol və burada Zəngəzur dəhlizinin əhəmiyyəti böyük dövlətlərin diqqət mərkəzindədir:
“Baş verən terror, müharibə və digər faktorlar fonunda Azərbaycanın öz təhlükəsizliyini prioritet hesab etməsi və bununla bağlı addımlar atması Zəngəzur dəhlizini dünya səviyyəli layihələrdən birinə çevirir. Hazırda böyük dövlətlər anlayır ki, Zəngəzur dəhlizinin açılması həm də vacib yolun reallaşması deməkdir. Tranzit daşımaların təhlükəsizliyi və yüklərin artırılması kontekstində bu yolun nə qədər vacib olduğu aydın şəkildə ortadadır. Buna mane olan qüvvələrin başqa variantı yoxdur. Əksinə, həmin layihənin gerçəkləşməsində maraqlı olmalıdırlar. Çünki qlobal lider kimi Prezident İlham Əliyevin müəllifi olduğu Zəngəzur dəhlizi həm ölkəmizə, həm də dünya iqtisadiyyatına böyük töhfə verəcəkdir”.
Nəsimi Ələsgərli