Azərbaycanın turizm potensialı Qazaxıstanda nümayiş etdirilir
Azərbaycan Almatı şəhərində keçirilən “KITF 2025” beynəlxalq turizm sərgisində təmsil olunur.
Azərbaycanın Qazaxıstandakı səfirliyindən Yenicag.az-a verilən məlumata görə, beynəlxalq sərgidə Azərbaycanın turizm potensialı 108 kvadratmetrlik pavilyonda nümayiş etdirilir.
KITF 2000-ci ildən bəri təşkil olunur. Sərgi bütövlükdə Mərkəzi Asiya regionunun turizm sənayesi üçün genişmiqyaslı peşəkar platforma kimi fəaliyyət göstərir və Qazaxıstanın turizm sektorunun ən vacib tədbirlərindən biri hesab olunur.
Məhz bu platformada beynəlxalq və yerli şirkətlər bazarın tələblərini və müştərilərin əsas üstünlüklərini qiymətləndirir, yeni və effektiv biznes alətləri kəşf edir və gələcək inkişafları üçün strategiyalarını müəyyən edirlər.
Qeyd edək ki, bu gün başlayan sərgi aprelin 25-dək davam edəcək.