Azərbaycanlı jurnalist vəfat edib
Gürcüstanda tanınmış azərbaycanlı jurnalist Ziyadxan Məmmədov vəfat edib. Z. Məmmədov bu gün Qardabani şəhərində torpağa tapşırılıb.
Ziyadxan Museyib oğlu Məmmədov 1936-cı ilin mart ayının 10-da Qardabani şəhərində anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub, 1960-cı ildə bu ali məktəbi bitirib. Həmin ilin sentyabr ayından “Sovet Gürcüstanı” qəzetində çalışmağa başlayıb. 1973-1975-ci illərdə Sov. İKP MK-nın Ali Partiya Məktəbinin dinləyicisi olub. Sonra bir il Puşkin adına Tiflis Pedaqoji İnstitutunda “Sov. İKP kursu” üzrə mühazirə oxuyub. 1976-1991-ci illər Qardabani Rayon Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində işləyib. 1995-ci ilin avqustun 21-dən Qardabani rayon bələdiyyəsində təşkilat şöbəsinin müdir müavini, 2009-cu ildən 2012-ci ilin may ayına qədər Qardabanidə fəaliyyət göstərən “Azərbaycan-Gürcüstan Dostluq Evi”ndə müdir müavini vəzifələrində çalışıb.
Z. Məmmədovun jurnalist fəaliyyəti dövründə müxtəlif mətbuat orqanlarında bir sıra hekayələri, bədii tərcümələri və esseləri dərc olunub.
(apa.az)