Qlobal istiləşmə son illərdə qarşımıza çıxan ən ciddi ekoloji problemlərdən biri kimi qalmaqda davam edir. 2023-cü ilin yayında təkcə Türkiyə və Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində istilik rekordları qırılıb. Bu istilik artımları asfalt yolların əriməsi kimi gözlənilməz problemləri də özü ilə gətirib.
Radiasiya Problemləri İnstitutu, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin elmi işçisi Hacı Vahid Axundzadə və İstanbul Universitetinin doktorantı Bəxtiyar Nəcəfov bu məsələni həll etmək üçün bir araya gələrək laboratoriyada keçirilən uzunmüddətli tədqiqatlar nəticəsində yüksək temperatura davamlı yeni nəsil asfalt texnologiyası hazırlayıblar. Yıldız Texnik Universitetində aparılan müstəqil analizlər asfalt bitumunun 65 dərəcəyə qədər yumşalmadığını təsdiqləyib.
2000-ci illərdən bu günədək şəhərlərdəki istilik ortalamalarının dayanmadan artması ilə birlikdə, xüsusən 2020-ci illərin əvvəlindən etibarən isti hava dalğalarının tezliyi və şiddəti nəzərəçarpacaq ölçüdə artıb. Bu səbəbdən H. Axundzadə və B. Nəcəfov tərəfindən hazırlanan bu yenilikçi texnologiya yalnız Türkiyə və Azərbaycan üçün deyil, bütün dünya üçün də böyük əhəmiyyət daşıyır.
Asfaltın əriməsi yol təhlükəsizliyini təhdid etməklə yanaşı, həm də şəhərlərdə baş verən isti ada effektinin şiddətlənməsinə səbəb olur. Yeni asfalt texnologiyasının bu problemi azaldacağına da ümid edilir.
Elm adamlarının əsas məqsədi bu layihəni qlobal bir həllə çevirməkdir. Türkiyədə qurmağı planlaşdırdıqları texnopark şirkəti ilə yeni asfalt texnologiyasının dünyadakı digər ölkələrə də təqdim edilməsi gözlənilir.
Türkiyə və Azərbaycanın bu ortaq təşəbbüsü qlobal istiləşmənin gətirdiyi çətinliklərə qarşı duraraq digər ölkələrə də nümunə təşkil edə bilər.
www.yenicag.az