Azərbaycanlı nazir Nepal əhalisinə başsağlığı verdi
Bu gün Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində keçirilən ilk iş sessiyası başlayıb.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, sessiyanı giriş sözü ilə açan AİB Rəhbərlər Şurasının hazırkı sədri, Azərbaycan maliyyə naziri Samir Şərifov ilk növbədə Azərbaycan hökuməti adından Nepalda baş verən zəlzələ ilə əlaqədar bu ölkənin əhalisinə başsağlığı verib. “Dünyada baş verən təbii fəlakətlərin yarısı Asiya və Sakit okeana yaxın ərazilərdə baş verir. Təəssüf ki, təbii fəlakətlər ölkə iqtisadiyyatına böyük təsir göstərir. Azərbaycan bütövlükdə Nepala yardımla bağlı Yaponiyanın fəaliyyətini dəstəkləyir. Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün maliyyə vəsaitlərinə və regional əməkdaşlığa ehtiyac var. Hesab edirəm ki, bu sessiya çərçivəsində bu məsələləri müzakirə edə bilərik”.
Daha sonra Direktorlar Şurası tərəfindən iclasın gündəliyi, katibliyin tövsiyələri, 2014-cü ilin hesabatı, maliyyə bəyanatları, idarəçilik hesabatları, xalis gəlirin bölüşdürülməsi məsələləri səsə qoyularaq təsdiqlənib.
İclas ayrı-ayrı ölkələrin nümayəndələrinin çıxışları ilə davam etdirilir.