2020-ci ildə təşkil olunacaq Avropa çempionatının açılış oyunu İtaliyanın paytaxtı Romada yerləşən “Olimpiko” stadionunda keçiriləcək.
Yenicag.az xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin məlumat verib. Onun sözlərinə görə, A qrupunun oyunlarını Roma ilə yanaşı, Bakı da qəbul edəcək.
Sankt-Peterburq (Rusiya) və Kopenhagendə (Danimarka) B, Amsterdam (Hollandiya) və Buxarestdə (Rumıniya) C, London (İngiltərə) və Qlazqoda (Şotlandiya) D, Bilbao (İspaniya) və Dublində (İrlandiya) E, Münhen (Almaniya) və Budapeştdə (Macarıstan) isə F qrupunun oyunları keçiriləcək.
Final mərhələsinə yüksələcək ölkənin yığması Avropa çempionatının təşkilatçılarından olsa, bu komanda qrup mərhələsinin ən azı 2 oyununu öz meydanında keçirəcək.
Belçikanın paytaxtı Brüssel isə təşkilatçı şəhərlər siyahısından çıxarılıb. Buna səbəb Milli Stadionun inşasının ləngiməsidi. Əvəzində qrup oyunlarını Londondakı “Uembli” stadionu qəbul edəcək. Bu arenada qrup mərhələsinin oyunlarından əlavə, 1/8 final, yarımfinal və final oyunları təşkil olunacaq. Bakıda isə qrup mərhələsinin 3 görüşündən əlavə, 1/4 final oyunlarından 1-i nəzərdə tutulub.
AÇ-2020 həmin ilin iyun-iyul aylarında keçiriləcək. Dəqiq tarix isə hələ bəlli deyil.
Qeyd edək ki, AÇ-2020-nin Azərbaycan paytaxtındakı oyunları Bakı Olimpiya Stadionunda baş tutacaq.
www.yenicag.az