Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Estoniya xarici işlər naziri Sven Mikser ilə görüşüb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib, tərəflər arasında siyasi dialoqun davamlı şəkildə aparılmasının və yüksək səviyyəli mütəmadi qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Nazirlər 2017-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini bildirərək, bununla əlaqədar məktub mübadiləsi həyata keçiriblər. Tərəflər son illər ikitərəfli əməkdaşlıqda müsbət dinamikanı təqdir edərək, ikitərəfli əlaqələri daha da inkişaf etdirmək üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini vurğulayıblar.
E. Məmmədyarov informasiya və kommunikasiya texnologiyaları və elektron hökumət sahəsində Azərbaycan və Estoniya arasında uğurlu əməkdaşlıq mövcud olduğunu, tikinti, ticarət və xidmət sahəsində 10-dan artıq Estoniya şirkətinin fəaliyyət göstərdiyini qeyd edib.
Görüşdə, həmçinin, iki ölkə arasında nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanların olduğu, təhsil və turizm sahəsində əməkdaşlıq üçün potensialdan düzgün istifadə edilməsinin vacibliyi qeyd olunub.
E. Məmmədyarov həmkarını Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinin cari statusu barəsində məlumatlandırıb. Nazir Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Estoniya tərəfinə təşəkkürünü çatdırıb.
Nazirlər həmçinin Avropa İttifaqı-Azərbaycan arasında münasibətlər, Şərq Tərəfdaşlığı layihəsi, o cümlədən Şərq Tərəfdaşlığı ölkələrinin qarşıdan gələn sammiti, Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi barəsində geniş fikir mübadiləsi aparıblar.
www.yenicag.az