Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirildi - FOTO/VİDEO
Bakıda “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans keçirildi.
Yenicag.az xəbər verir ki, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultaydan 100 il ötür.
Bu konfransın yenidən Bakıda təşkil olunması ortaq tarixi köklərə və milli-mənəvi dəyərlərə malik olan türk xalqlarının qarşılıqlı əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsi üçün böyük perspektivlər açır.
Konfrans Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İstiqlaliyyət küçəsindəki Böyük Akt Zalında baş tutur. Qeyd edək ki, yüz il əvvəl də Birinci Türkoloji Qurultay fevralın 26-dan martın 6-dək məhz bu binada — AMEA Rəyasət Heyətinin indiki binasının Böyük Akt Zalında keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 22 oktyabr tarixində sərəncam imzalayıb. Sərəncamda vurğulandığı kimi, Bakı şəhəri XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün Birinci Türkoloji Qurultaya ev sahibliyi edib.
Tədbirdə AMEA prezidenti İsa Həbibbəyli, xalq şairi Sabir Rüstəmxanlı, Yunus Əmre İnstitutunun prezidenti Abdurrahman Aliy, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam, Türkiyənin milli təhsil nazirinin müavini Cəlilə Eren Ökten, AK Parti sədrinin müavini Kürşad Zorlu, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və digərləri çıxış ediblər.
Konfransda Türkiyə, Şimali Kipr, Türkmənistan, Özbəkistan və Qazaxıstandan gələn nümayəndələr də iştirak ediblər.
Xatırladaq ki, bu qurultayın 80 və 90 illik yubileyləri də Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən ölkəmizdə yüksək səviyyədə qeyd olunub.













