Bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində Rəşad Süleymanov və qohumu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə – külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə açılmış iş üzrə aparılan məhkəmə prosesində şok təfərrüatlar üzə çıxıb.
Yenicag.az xəbər verir ki, publika.az cinayət hadisəsinin təfərrüatlarını əldə edib. Öncədən qeyd edək ki, evli qadınla gizli münasibət qurub onunla dəfələrlə cinsi əlaqəyə girən, ondan 75 min dollar tələb edən, intim görüntülərini ərinə və qohumlarına göndərən və intihar həddinə çatdıran şəxs barəsində 2021-ci ilin mart ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 13 il müddətinə həbs qərarı verilib.
Hadisənin təfərrüatlarına gəlincə…
Gizli görüşlər, qısamüddətli sevgi
1980-ci ildə Masallı rayonunda anadan olmuş Rəşad Süleymanov 2015-ci ildə “Hollivud” restoranında tanışı Aygünün vasitəsi ilə ailəli və 1 uşaq anası olan F.M. ilə tanış olub. Həmin görüşdən təxminən 1 ay sonra Rəşad F.M-in “Instagram” səhifəsinə yazmağa başlayıb və onlar arasında isti münasibətlər yaranıb. Bu müddət ərzində, təxminən 3 il ərzində onlar F.M-in həyat yoldaşının xarici özəl şirkətdə işləməsindən və ayın böyük hissəsinin şəhərdə olmamasından istifadə edərək qadının Badamdar qəsəbəsində yeni tikili binada və Pirşağıdakı bağ evində dəfələrlə görüşərək cinsi əlaqədə olublar. Bəzi görüşlərdə Rəşadın yaxın qohumları və dostları da iştirak edib. F.M.-in və ailəsinin maddi imkanının yaxşı olmasını bilən Rəşad vaxtaşırı ondan pul alırmış. Qadının etibarını tamamilə qazanan şəxs mobil telefon vasitəsilə onun çoxsaylı intim foto və videolarını çəkib. Həmçinin qadından “WhatsApp” vasitəsilə özünə çoxsaylı görüntülər göndərməsini təmin edib. Onlar birlikdə Qəbələyə və sair yerlərə də gediblər.
İstintaq materiallarından məlum olur ki, F.M.-in Rəşadla gizli münasibətləri barəsində ilk olaraq onun qardaşı R.Q. xəbər tutub. O, bacısına məxsus olan “Range Rover” markalı avtomobilin şəhərdə başqa şəxs tərəfindən idarə edildiyini görüb. Bu barədə bacısının həyat yoldaşı R.R.-ə məlumat verən R.Q. həmin şəxsin kimliyini araşdırıb. Rəşad R.Q. və R.R. ilə görüşdə F.M. ilə sadəcə dost olduğunu bildirib. Həmin vaxt F.M. qardaşına həmin şəxsin avtomobil ustası olduğunu, maşınla bağlı vaxtaşırı danışıb və ya görüşdüyünü deyib. Bu müddət əzində F.M.-in həyat yoldaşı və qardaşı Rəşadın onlara əslində həqiqəti demədiyini hiss etsələr də, bunu sübut edə bilməyiblər.
Tədricən F.M. Rəşadın təhlükəli insan olmasını hiss edərək ondan uzaqlaşmağa çalışıb. Lakin sonradan onlar yenidən mehribanlaşmağa başlayıblar.
Belə ki, F.M. də 2018-ci ildə Rəşadla münasibəti kəsərək normal ailə həyatı yaşamağa qərar verib. Lakin təxminən 1 il sonra onun “Instagram”da iş məqsədilə yaratdığı səhifəyə yazan Rəşad münasibətləri yenidən bərpa edib.
Şantaja keçid, 75 min dollarlıq ziyan
2018-ci ilin avqust ayından etibarən Rəşad Süleymanov sevgi münasibətində olduğu F.M.-i şantaj məqsədilə planını həyata keçirməyə başlayıb. O, əvvəlcə Rusiya və Ukraynaya gedəcəyini, orada avtomobil alveri ilə məşğul olacağını bildirib. Lakin F.M. Rəşada onu çox istədiyini deyib, ölkədən getməməyini xahiş edib. Bu müddət ərzində Rəşadın həyat yoldaşı kimi özünü təqdim edən Gülnar adlı qadın da F.M.-ə yazmağa başlayıb, ondan Rəşadı xaricə getməyə qoymamağı xahiş edib. Rusiyadan deportasiya edilmiş Rəşad isə həmin vaxt ümumiyyətlə, ölkədən gedə bilməzdi və sevgilisinin “xahişini yerə salmayaraq” Bakıda qalıb. Bir müddət sonra isə onda aqressivləşmə başlayıb. Rəşad F.M.-i incitməyə başlayıb. Onun Rusiyaya getməsinə mane olaraq 75 min dollar gəlir imkanından məhrum etdiyini deyib. Rəşad F.M.-dən həmin pulu tələb etməyə, əks halda telefonunda saxladığı intim görüntüləri F.M.-in əri R.R.-ə və digər şəxslərə göndərəcəyini deyib.
Nəfsin azğınlaşması, cinayətə gedən yol
F.M.-in şantaj edilməsindən ilk olaraq anası F.Q. xəbər tutub. O, qızının yanına köçərək ona dəstək olmağa, onun özünü öldürməsinə imkan verməməyə çalışıb. Bəzi hallarda Rəşad F.Q.-nin yanında onun qızı F.M.-i təhqir edib. Bir neçə dəfə isə o, qadının yaşadığı mənzilə gələrək bıçaqla hədələyib. Rəşadın pul almadan sakitləşməyəcəyini F.M.-ə onun dostu Tural da deyib. Tural da bir neçə dəfə Rəşadla F.M.-in evinə gəlib, qadına qarşı zor tətbiq edib.
Zamanla F.M.-dən tələb etdiyi məbləği ala bilməyən Rəşad daha kəskin qərarlar verməyə və hərəkətə keçməyə başlayıb. O, F.M.-dən tələb etdiyi pulu almaq məqsədilə dəfələrlə onun yaşadığı binaya gəlib. Rəşadın ona xəsarət yetirməsindən qorxan F.M. isə belə görüşlərin birinə anası ilə gedib. Anasının özü ilə gətirməsinə əsəbiləşən Rəşad binanın qarajında dava salıb və zərbələr endirərək F.M.-ə məxsus “Seat” markalı avtomobili əzərək şüşələrini sındırıb. Bu barədə F.M. polisə müraciət edib.
Daha sonra isə gecə saatlarında Rəşad onun yaşadığı binanın həyətinə gələrək ərinin evdə olduğunu bildiyini, evə qalxıb hər şeyi danışacağını, intim video və fotoları göndərəcəyini deyib. F.M. isə ona 10 min dollar verəcəyini vəd edərək sakitləşdirməyə çalışıb. Artıq tələb etdiyi pulu ala bilməyəcəyini yəqin edən Rəşad qadının intim görüntülərini yaymaq qərarına gəlib. F.M.-in əri R.R. avtomobillə Pirşağıdakı bağa gedərkən “WhatsApp”ına görüntülər gəlib. Hadisə vaxtı maşında olan F.M.-in anası F.Q. olayı belə xatırlayır: “R.-in rəngi birdən birə ağappaq oldu, o, yolu dəyişib evə qayıtmalı olduğumuzu dedi”.
Bu zaman qızının başqası ilə münasibətinin olmasını və şantaj edildiyini bilən qadın həmin görüntülərin montaj olduğunu deyib. F.M. də görüntülərin montaj olduğunu bildirərək ərini sakitləşdirməyə çalışıb.
Rəşad F.M.-in “Instagram” səhifəsinin adminliyini əldə edərək onun çılpaq görüntülərini sosial şəbəkələrdə də yayıb.
İntihara cəhd və ölüm
Maraqlıdır ki, münasibətdə olduğu evli qadını şantaj edən Rəşad onun həyat yoldaşı R.R-ə də girişib. O, “Seva” adı ilə F.M.-in əri ilə yazışmağa başlayıb və onun da intim görüntülərini əldə edib.
İbtidai istintaqa ifadə verən F.M. Rəşadla tanış olandan sonra onun verdiyi həbləri qəbul etdiyini deyib. Sonradan “şüşə” adlandırılan həblərin mahiyyətini anlamadığını deyən qadın belə izah edib: “Mən o həbləri qəbul edəndən sonra düşünürdüm ki, dünyada Rəşaddan yaxşı insan yoxdur, ona hər şeyimi etibar edə bilərəm”.
Beləliklə Rəşad ailəli və ərinin yaxşı gəlirli şəxs olduğunu bildiyi qadını narkotik aludəçisinə çevirərək onu özünə öyrəşdirib. Şantaj, qalmaqallar və münasibətlərin kəskinləşməsindən sonra F.M.-in psixoloji vəziyyəti də ağırlaşıb. Rəşadın onun görüntülərini həm “WhatsApp”da, həm də “Instagram” səhifəsində yaymasından sonra F.M. Badamdardakı evdə qol damarlarını kəsib və siçan zəhəri içib. Xəstəxanaya yerləşdirilən gənc qadını xilas etmək mümkün olub. Lakin onun evdə özünü pis hiss etməsini görən ailə üzvləri Pirşağıdakı bağa aparıb. Lakin F.M. burada da sirkə içərək həyatına qəsd edib. Bu dəfə də yaxınlarının köməkliyi ilə o xilas edilib.
Bir müddət sonra, yəni 2019-cu ildə isə F.M. epileptik sindrom nəticəsində vəfat edib. Bu səbəbdən o, məhkəmə prosesində iştirak etməyib. Məhkəmədə onun ibtidai istintaqa verdiyi ifadə oxunub.
Hökm
F.M.-in ailə üzvlərinin hüquqi varis kimi tanındığı cinayət işindən məlum olur ki, Rəşad Süleymanov şantaj əməllərindən hüquq-mühafizə orqanlarına şikayət edilməsini bilən kimi ölkədən çıxaraq Rusiyanın Perm şəhərinə gedib. Lakin o, sonradan tutularaq istintaqa cəlb edilib. Rəşad Süleymanov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə həbs qərarı verilib. Onun şantaj əməllərinə kömək etdiyinə görə qohumu Tural isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisəni törədən əsas şəxs olan Rəşad narkotik vasitə aludəçisi olub.
www.yenicag.az