Bu gün Bakıda Hindistan Respublikasının qurulamasının 66-cı ildönümü qeyd olunub.
Yenicag.az apa-ya istinadən bildirir ki, rəsmi qəbulu açan Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar ölkəsinin müstəqillik qazandıqdan bəri müxtəlif sahələrdə əldə etdiyi uğurlardan, Azərbaycan ilə Hindistan arasındakı tarixən mövcud əlaqələrdən danışıb.
O bildirib ki, müstəqilliyini bərpa etdikdən dərhal sonra Azərbaycanın diplomatik əlaqələr qurduğu ölkələrdən biri də Hindistandır: “Son illərdə ikitərəfli ticarət əlaqələri iki dəfə artıb, Hindistan Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Həmçinin mədəni sahədə də xalqlarımız arasındakı münasibətlər çox yaxşı səviyyədədir”. Artıq ölkəmizdəki səfirlik səlahiyyətləri başa çatmaqda olan Vinod Kumar ona göstərilən isti münasibətə görə Azərbaycan hökumətinə və Azərbaycan xalqına təşəkkür etdiyini bildirib.
Tədbirdə çıxış edən Azərbaycan-Hindistan Hökumətlərarası Müştərək Komissiyanın həmsədri, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov əlamətdar gün münasibətilə Hindistan xalqını prezident İlham Əliyevin adından təbrik edib, dövlət başçısının salamlarını və xoş arzularını çatdırıb. İki O, Azərbaycanın əsas tərəfdaş kimi gördüyü ölkələr arasında Hindistanın xüsusi rola malik olduğunu qeyd edib.
Daha sonra çıxış edən Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç də öz həmkarını təbrik edib və ona Azərbaycan xalça ustalarının hazırladığı xüsusi əl işini təqdim edib. Tədbir Hindistanın milli rəqs nömrələri və hind mətbəxindən nümunələrdən ibarət ziyafətlə davam edib. Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
www.yenicag.az