Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında son bir ayda müşahidə olunan nağd ABŞ dolları qıtlığı problemi daha da dərinləşib.
“Report”un analitik qrupunun Bakıda apardığı müşahidələr nəticəsində məlub olub ki, avqustun 31-də dolların satışını həyata keçirən banklar arasında “Azər-Türk Bank” ASC adambaşına 300 dollar, “Amrahbank” ASC – 200 dollar, “Bank of Baku” və “Expressbank” ASC-lər isə adambaşına 100 dollar satır.
“AFB Bank”, “Atabank”, “Caspian Development Bank”, “AG Bank” ASC-lər isə ümumiyyətlə nağd dollar satışını dayandırıb.
Hazırda “Azər-Türk Bank”ın “Bakı” filialında (28 May küçəsi) təxminən 130 nəfərlik növbə olduğu bank operatoru tərəfindən də təsdiqlənib. Digər filiallarda da vəziyyətin eyni olduğu, uzun növbələr yarandığı xəbəri verilir.
“Qara bazar”da dolların satışının 1,74-1,75 AZN/USD-yə qədər yüksəldiyi bildirilir. Halbuki bugünkü rəsmi məzənnə nəzərə alınmaqla (1,6321 AZN/USD), kommersiya bankları nağd dollar satışını maksimum 1,6974 AZN/USD məzənnəsi ilə (4%-lik marja ilə) apara bilər.
“Təbii ki, “qara bazar”ın formalaşmasına məhz banklarda yaranmış dollar qıtlığı səbəb olur. Bu qıtlığın aradan qaldırılması üçün Azərbaycan Mərkəzi Bankı tərəfindən təşkil olunan valyuta hərraclarında valyuta təklifinin artırılması vacibdir. Əks halda, yaxın günlərdə “qara bazar”da dolların məzənnəsinin 2,00 AZN/USD-yə çatacağı istisna edilmir”, – deyə portalın analitikləri qeyd ediblər.
Yenicag.az
www.yenicag.az