Bakıda qanvermə aksiyası keçirilib
17 Aprel Ümumdünya Hemofiliya Günü çərçivəsində Respublika Qan Bankında qanvermə aksiyası keçirilib.
Yenicag.az xəbər verir ki, aksiya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Səhiyyə Nazirliyi, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası, “Birlik” Xeyriyyə Təşkilatı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Azərbaycan Uşaqlarının İnkişaf Platforması (AUİP) və Dövlət Komitəsinin “Ailəm könüllüləri” proqramı iştirakçılarının birgə əməkdaşlığı ilə təşkil edilib.
Respublika Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlərə dəstək məqsədi daşıyır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova bildirib ki, bu aksiya bir neçə ildir davamlı olaraq keçirilir:
“Ötən il baş tutan aksiyada 500-ə yaxın şəxs iştirak edib. Gələcəkdə də bu tip aksiyaların keçirilməsini məqsədəuyğun hesab edirik”.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası İdarə Heyətinin sədri Ayaz Hüseynov deyib ki, cəmiyyətdə qan donurluğu mədəniyyətinin aşılanması vacib məsələdir:
“Azərbaycanda 1700-dən çox hemofiliyalı xəstə var. Bundan başqa, müxtəlif qaraciyər xəstəliklərindən əziyyət çəkən şəxslərə də qan lazımdır. Bu səbəbdən, belə aksiyalarən keçirilməsi əhəmiyyətlidir”.
Qeyd edək ki, hazırda Azərbaycanda 1779 hemofiliyalı xəstə dispanser qeydiyyatdadır.













